“Sərt pul siyasəti davam etdiriləcək” Siyasət

“Sərt pul siyasəti davam etdiriləcək”

2017-ci il üzrə dövlət büdcə zərfi parlamentin müzakirəsinə çıxarıldl


Milli Məclisinin növbəti plenar iclası keçirilib. Parlamentin gündəliyinə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfi daxil edilib.
İclasa baş Nazir Artur Rasizadə və hökumət digər hökumət nümayəndələri də qatılıblar.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, dünyada baş verən iqtisadi qlobal böhran Azərbaycana də təsirsiz ötüşməyib: "Neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi ölkəmizdə valyuta gəlirlərini azaldıb".
Spiker bildirib ki, ölkəyə daxil olan valyuta gəlirlərinin azaldılması nəticəsində Mərkəzi Bankın humanitar siyasətinə düzəlişlər edilib.
Oqtay Əsədov əlavə edib ki, ölkədə aparılan yüksək iqtisadi siyasət nəticəsində dünyada gedən böhranın Azərbaycana mənfi təsirləri mümkün qədər azaldılıb: "Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını qoruyub saxlaya bilib. Gələn ilin büdcəsinə nəzər salsaq görərik ki, layihədə qeyri-neft sektorunun inkişafı etdirilməsi vacib məsələlərdən biri kimi götürülüb. 2017-ci ilin büdcəsində cari illə müqayisədə xərclər azalıb. Lakin buna baxmayaraq layihənin əvvəlki illərdə olduğu kimi sosialyönümlülüyü saxlanılıb. Gələn ilin büdcəsində müdafiə qüdrətimizin gücləndirilməsi üçün lazımı vəsait ayrılıb".
Spiker deyib ki, 2017-ci ilin büdcə layihəsi parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunub, 35 millət vəkili müzakirələrdə çıxış edib: "Düşünürəm ki, plenar iclasda büdcə ilə aparılan müzakirələr də səmərəli olacaq".
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi məqsədi ilə hazırlanan layihə yaxın zamanlarda ölkə başçısına təqdim ediləcək. Deputat deyib ki, sözügedən sənəd əsasında islahatlar davam etdiriləcək: "Vergi sistemində şəffaflığın təmin olunmasına nail olmaqla, büdcədə vergidən daxilolmaları artırmaq mümkün olacaq". O əlavə edib ki, qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlətimiz milli mənafenin qorunmasına xidmət edən siyasət aparır. Ziyad Səmədzadə bildirib ki, xarici risklərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün sistemli, iqtisadi tədbirlər görülür: "Son illərdə ölkədə dövlət büdcəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür. Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı , dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır".
Ziyad Səmədzadə əlavə edib ki, Vergilər Nazirliyi xətti ilə çox gərgin iş aparılıb və proqnoz göstəricilərinin ÜDM-in 11,7% qismində nəzər alınması təklif edilir: "Eyni zamanda, büdcə gəlirlərinin 45%-nin Vergilər Nazirliyi xətti ilə daxilolmaların payına düşməsi nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan çoxdur. Neft-qaz sektorunun payına düşən gəlirlərin azaldılması istiqamətində işlər davam etdiriləcək. Gələn il qeyri-neft sektorunun hesabına 75,5% gəlir nəzərdə tutulur ki, bu da çox yüksək rəqəmdir. Eyni müsbət fikirləri Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxil olan gəlirlər barədə də demək olar. Həmin proqnozlar da artımla müşahidə olunur. Aparılan islahatlar və şəffaflıq nəticəsində gömrük xətti ilə daxilolmalar əvvəlki illərə nisbətən 500 milyon manatdan çox artacaq. Bütövlükdə Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların çəkisi artacaq. ".
Ziyad Səmədzadə vurğulayıb ki, gələn ilin dövlət büdcəsində sosial yönümlü büdcə olacaq: "Gələn ilin dövlət büdcəsində xərclər 40% olmaqla proqnozlaşdırılıb".
Maliyyə naziri Samir Şərifov deyib ki, Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin differensiallaşdırılması ilə əlaqədar gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 mln. manat artırılıb.
Nazir bildirib ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri artırılması təklif olunur: "Başqa sözlə, gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88 faiz , xərcləri isə 1,81 faiz artırılıb. Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində nəzərdə tutulur.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya davam edir: "Dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər neqativ meyllər Azərbaycan iqtisadiyyatına öz təsirini göstərib. Ixrac gəlirlərini azaldıb, manata təzyiqi artırıb, devalvasiya həyata keçirilib və üzən məzənnəyə keçid elan edilib. Problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artıb".
Nazir bildirib ki, belə bir şəraitdə valyuta ehtiyatlarından və büdcə vəsaitlərindən səmərəli istifadənin, konservativ borclanmanın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti artır: "Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiyası və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymət dinamikası, Dövlət Neft Fondunun qorunması ilə məhdudlaşdırılmış makroiqtisadi-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb". Şahin Mustafayev əlavə edib ki, 2017-ci il üçün neftin qiyməti 40 dollar götürülüb: "Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacağı gözlənilir".
Nazir bildirib ki, koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası üçün əsas şərtlərdir.
O əlavə edib ki, Azərbaycanda yeni məşğulluq strategiyası hazırlanacaq: "İşsizlikdə icbari sığorta yaradılacaq. Özünəməşğulluq proqramının icrası davam etdiriləcək. Gələn il qeyri-neft sektoru üzrə 7,4 faiz artım proqnozlaşdırılır. 2017-2020-ci illərdə turizim sektorunun 7,4 faiz artacağı proqnozlaşdırılır. İKT sektorunda artım isə gələn il 6,7 faiz səviyyəsində gözlənilir. Nəqliyyat sektorunun artımı təmin ediləcək və 2,9 faiz proqnozlaşdırlır. Gələn il investisiyaların 15,3 mlrd. manat, xarici investisiyaların 9,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Bunun 5,6 mlrd. manatı qeyr-neft sektoruna yatırılacaq. Bir sıra infrastruktur layihələri davam etdiriləcək". Şahin Mustafayev əlavə edib ki, ölkənin 19 rayonunda 116,7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, müasir texnologiyaların genişləndirlməsi nəzərdə tutulur: "Piriallahı sənaye parkında dəyəri 74 mln. dollar olan zavodda 89 çeşiddə dərman istehsal olunacaq. Daha iki əczaçılıq zavodunun tikintisinə başlanacaq. Masallı sənaye məhəlləsinə də maraq göstərilir. Artıq 33 layihə təqdim olunub. Bunlar ixrac potensialının genişləndirilməsinə imkan yaranacaq".
Nazir həmçinin SKMF-in kredit portfelinin artıq 1 mlrd. manata çatdığını bildirib. Şahin Mustafayev vurğulayıb ki, bankların 52 mln. manat əsas kredit borcu var ki, bu da Fondun kredit portfelinin 5,7 fazini təşkil edir.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ötən 9 il ərzində 2008-ci ildən bəri davam edən iqtisadi böhrandan yalnız bu il baş verən böhranı hiss etmişik.
Elman Rüstəmov deyib ki, Mərkəzi Bankın idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyət olub: "Cari ildə 2016-cı ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb. Bu ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir".
Elman Rüstəmov deyib ki, 2016-cı ildə Azərbaycan Mərkəzi Bankı manatın məznnəsinin saxlanması üçün 6 milyard dollar həcmində pul kütləsi sərf edib. Mərkəzi Bankın sədri deyib ki, sərt pul siyasəti gələn il də davam etdiriləcək: "Azərbaycan Mərkəzi Bankı 2017-ci ildə də sərt pul siyasətini davam etdirəcək".
Elman Rüstəmov bildirib ki, üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib: "Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. 2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə faiz dərəcələri səviyyəsində baxılacaq. Ciddi fiskal və monetar intizam və onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaq".
Daha sonra müzakirələrə başlanılıb. Xatırladaq ki, büdcə müzakirələri bu gün davam etdiriləcək.

Əli