Dağlıq Qarabağ münaqişəsinin həlli... Siyasət

Dağlıq Qarabağ münaqişəsinin həlli...

Lamberto Zanyer siyasi iradədən, Lavrov sadiqlikdən, Kerri təhdiddən danışıb


"Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır". Bu sözləri Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında ATƏT-in Baş Katibi Lamberto Zanyer deyib.
Onun sözlərinə görə, təşkilatın məqsədi danışıqlar üçün imkanlar yaratmaqdır, lakin tərəflər də bu imkandan istifadə etməlidirlər.
L.Zanyer deyib: "Həll yolunun tapılması üçün tərəflər səy göstərməlidirlər. Münaqişənin həllində ATƏT-in vasitəçi rolunu alqışlayıram".
O həmçinin qeyd edib ki, bir qədər əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Minsk qrupuna yeni nəfəs lazım olması barədə səsləndirdiyi fikrini dəstəkləyir.
"Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər çətin problemlərin həllində daha əvvəl əldə olunmuş razılıqlara sadiqlik əsas rol oynayır". Bu sözləri isə Rusiya xarici işlər naziri Sergey Lavrov həmin iclasda deyib.
O bildirib ki, münaqişələr bütün tərəflərin maraqlarının balansının qorunması şərti ilə mövcud formatlar çərçivəsində həll olunmalıdır.
"Azərbaycan və Ermənistan arasındakı həlli uzanan münaqişə Avropanın təhlükəsizliyini təhdid altına qoyur". Bu sözlərin müəllifi də ABŞ dövlət katibi Con Kerridir.
O, Avropanın üzləşdiyi təhlükənin tək Ukraynada olmadığını deyərək, bu sırada Dağlıq Qarabağ, Moldova və Gürcüstandakı münaqişələri də qeyd edib.
"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik"-deyən Latviyanın xarici işlər naziri Edqar Moldova və Cənubi Qafqazdakı münaqişələrin həlli istiqamətində Almaniya sədrliyinin göstərdiyi səylərə görə təşəkkür edib: "Avropadakı münaqişələrin həllində ATƏT-in rolu çox vacibdir".
"Dağlıq Qarabağda hərbi toqquşmalar da daxil olmaqla, 2016-cı il ATƏT məkanında bir sıra çağırışlarla yadda qalıb". Bunu Avstriya xarici işlər naziri Sebastian Kurts deyib.
O bildirib ki, münaqişələri hərbi yolla həll etmək mümkün deyil və dialoqun aparılmasında ATƏT çox vacib rol oynayır.
"Aprel ayında Dağlıq Qarabağda vəziyyətin eskalasiyası fonunda Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülən təkliflər ətrafında danışıqlar aparmağa çağırır".
Bu sözləri Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini deyib.
O bildirib ki, Aİ Avropa məkanında münaqişələrin mövcud formatlar çərçivəsində həllinə dəstək verməyə davam edəcək: "Biz hələ də Sankt-Peterburq və Vyana sammitlərində əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid edirik".