“Hər kəs bərabər hüquqa malikdir” Siyasət

“Hər kəs bərabər hüquqa malikdir”

Elmira Süleymanova: "Ziddiyətli dövrdə yaşayırıq"

Azərbaycan Dövlət Miqrasiya Xidməti, Ombudsman Aparatı və Daxili İşlər Nazirliyi Beynəlxalq Miqrant Günü, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) 65-ci ildönümü, təşkilatın Azərbaycandakı fəaliyyətinin 20 illiyi və Azərbaycanın BMqT-yə üzv olmasının 15-ci il dönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktorpak bildirib ki, 2016-cı ilin dekabr ayı ərzində 4899 insan Aralıq dənizində həyatını itirib: "Bu dəhşətli göstəricidir. Miqrasiya zamanı ölənlərin sayında artım müşahidə olunur. Miqrasiyanın yaranmasının səbəbi aradan qaldırılmır. Bu, yaxın zamanlar üçün də belə olacaq. Suriyada döyüşlər gedir. Azərbaycan- Ermənistan qarşıdurma xəttində atəş dayanmır. Azərbaycanın torpaqlarının bir hissəsi işğal olunub. Porblemlərdən danışırıq, amma həll yolları üçün potensiallardan istifadə etmirik".
O qeyd edib ki, 2015-ci ildə Avropaya 1 milyon miqrant gedib: "BMT-nin baş katibinin dediyi kimi, biz divarları deyil, münasibətləri gücləndirməliyik".
Çıxış edən Ombudsman Aparatının rəhbəri Elmira Süleymanov deyib ki, dini mövqeyindən, cinsi, irqi vəziyyətindən, siyasi partiya və icmalara üzv olmasından asılı olmayaraq, hər kəs bərabər hüquqa malikdir: "Ziddiyətli dövrdə yaşayırıq, bütün ölkələr BMT-yə üzvdür və bu qurumun Konvensiyalarına riayət etməklə inkişaf edir. BMT yaranan gün bayrağında üç söz yazılmışdı: sülh, bərabərlik və inkişaf. Gərək bu anlayış bütün dövlətlərin siyasətində əsas amil olsun. BMT-nin uzun illər fəaliyyəti çərçivəsində qərarları, siyasəti sülh əsasında olub. Amma dünyada kütləvi qırğınların artdığının şahidi oluruq. Böhranlar, təbii fəlakətlər və siyasi proseslər nəticəsində miqrant ordusu əmələ gəlir. Miqrantların sayının kütləviləşməsi nəticəsində bir hərəkat yaranıb, bu yaşımacan artan statistika müşahidə etməmişəm. Ötən gün bir miqrantın çıxışını dinlədim, deyirdi ki, biz gəldiyimiz ölkələrdə ağır həyat şərtləri altında yaşayırıq, amma çarəmiz yoxdur. Özünü demokratiyanın beşiyi elan edən ölkələr gərək insani keyfiyyətləri nəzərə alsınlar. "Məcburi köçkün" deyəndə hansısa kütlədən danışmırıq, arasında əlliliyi olan insanlar, uşaqlar, qadınlar, ahıllar da nəzərə alınmalı, onlarla xüsusi rəftar olmalıdır. Dünyada miqrantların ləyaqətinin, şərəfinin alçaldılmasına yol verilir. Bu günlərdə bir ölkə Avropaya yaxınlaşan gəmilərə atəş açılması əmri verdi. Bu, məgər insanlığa yaraşır? 25 ildən çoxdur torpaqlarımıza təcavüz edilib. Amma dövlətimiz, insanlarımız və Dövlət Miqrasiya Xidməti, Ombudsman təsisatı miqrantları hər zaman diqqətdə saxlayıb. İnsan dünyaya gələndən yaşayış hüququ əldə edir. Heç kəs bu hüququ onun əlindən ala bilməz. Amma biz bu hüququn pozulması hallarını müşahidə edirik. Miqrantlara, başqa ölkələrdən köç edən insanlara Azərbaycanda xüsusi qayğı göstərilir. Ölkəmizdə multikultalizm yüksək səviyyədədir. Tolerantlıq yalnız siyasət deyil, bütün dinlər, etnoslardan olan insanların əməkdaşlığı deməkdir".
Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev Suriyada müharibə nəticəsində Livana köçmək məcburiyyətində qalan gənc qızların həyat hekayəsinə dair qısa video çarxı tədbir iştirakçılarına təqdim etdi.
P.Musayev çıxışı zamanı deyib qeyd edib ki, Azərbaycan Miqrasiya Məcəlləsi qəbul edən yeganə ölkələrdəndir: "Bu, miqrantların hüquqlarının qorunması ilə yanaşı, miqrantlarla aparılan sənədləşmə işlərinin sadələşməsinə xidmət edir".