“ASALA Ermənistan ordusuna inteqrasiya olunub” Siyasət

“ASALA Ermənistan ordusuna inteqrasiya olunub”

Hikmət Hacıyev: "Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir"

Türkiyənin Xarici İşlər Nazirliyi 1982-ci ildə Los-Ancelesdə Türkiyə Baş konsulunu qətlə yetirmiş ASALA terrorçusu Hampiq Sassunyana bəraət verilməsi barədə qərarı pisləyib.
Azərbaycanın da ASALA terrorunun hədəfinə çevrilmiş ölkə olduğunu nəzərə alsaq, bizim Xarici İşlər Nazirliyinin məsələyə münasibəti necədir?
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, ASALA terror təşkilatı və onun altqrupları olan "Orli Group", "Geqaron", "Erməni ittifaqı", "Gənc erməni ittifaqı", "9 iyun qrupu", "Sui-qəsd eskadronu", "Apostol" tərəfindən türk diplomatlarına və iş adamlarına qarşı çoxsaylı qanlı və qəddar terror əməlləri törədilib:
- 80-ci illərin sonlarından başlayaraq, ASALA öz əməliyyat zonasını Yaxın Şərq, Şimali Amerika və Avropadan Cənubu Qafqaza keçirdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tərkib hissəsi olaraq, ASALA başda olmaqla erməni terror təşkilatları və Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın ictimai nəqliyyat sistemində və digər ictimai obyektlərdə 32-dən artıq silsilə terror aktları törədilib, minlərlə günahsız insan bu terror hücumlarının qurbanı olub.
19 mart və 3 iyul 1994-cü ildə Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoydu. Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədildi.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal olunmuş ərazilərimizdə qanlı etnik təmizləmə əməllərinin, o cümlədən Xocalı soyqırımının törədilməsində ASALA və onun qolları olan "Arabo" və "Aramo" terrorçu qrupları bilavasitə iştirak ediblər. ASALA-nın rəhbərlərindən olan Monte Melkonyan Ermənistanın milli qəhrəmanıdır və onun adına paytaxt Yerevanda abidə və küçə vardır. Monte Melkonyanın terrorçuluq fəaliyyəti "qəhrəmanlıq salnaməsi" kimi Ermənistanda orta məktəb dərsliyinə daxil edilib.
2011 və 2013-cü illərdə ASALA terror təşkilatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarına qarşı terror aktları törədəcəyi barədə xəbərdarlıq yaydı.
Bu ilin aprel ayında Ermənistanın təxribat və təhriki ilə qoşunların təmas xəttində vəziyyət gərginləşərkən yenidən ASALA terrorçularının Azərbaycanın işğal olunmuş ərazilərdə cəmləşməsi və hətta təmas xəttində ASALA-nın bayrağının qaldırılması halı müşahidə edildi.
Bu gün ASALA terror təşkilatı Ermənistan xüsusi xidmət orqanları və ordu birləşmələrinin tərkibinə inteqrasiya olunaraq, fəaliyyət göstərməkdə davam edir. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və hesab edirik ki, heç bir halda terrorizmə bəraət qazandırmaq olmaz.