İsrailin xarici işlər naziri Bakıdadır Siyasət

İsrailin xarici işlər naziri Bakıdadır

"Azərbaycana öz evimə gəldiyim kimi gəlirəm"

"Bu mənim Azərbaycana beşinci səfərimdir. Bura öz evimə gəldiyim kimi gəlirəm". APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra deyib.
O, Azərbaycanla İsrail arasında sıx münasibətlərin olduğunu diqqətə çatdırıb: "Biz ikitərəfli əməkdaşlığın bir sıra sahələrini, əsasən də iqtisadiyyat, ictimai diplomatiya sahələrini müzakirə etdik. Azərbaycanda bizim üçün vacib olan məsələ burada yəhudilərin yaşaması, yəhudi icmasının olmasıdır. Bu icma iki ölkə arasında körpü rolunu oynayır".
İsrailli nazir Azərbaycan prezidenti İlham Əliyevlə İsrail prezidenti Şimon Peres və baş nazir Binyamin Netanyahu arasında görüşlərdən məmnun olduqlarını qeyd edib: "O cümlədən ötən il mənim azərbaycanlı həmkarımın İsrailə səfəri oldu. Həmin görüşdə bir sıra qarşılıqlı maraq kəsb edən sahələri müəyyənləşdirdik. Bunlardan bir hissəsini biz artıq bu gün reallaşdırırıq. Yenə də qeyd edirəm ki, iki ölkə arasında əlaqələrin ən vacib sahəsi yüksək texnologiyalar, energetika və kənd təsərrüfatı sahələri müzakirə edilir. Bu görüşə kimi mən Azərbaycan prezidenti ilə çox vacib, maraqlı görüş keçirdim. Mən bu cür ikitərəfli razılaşmalardan məmnunam".
Qeyd edək ki, Azərbaycan və İsrail Xarici İşlər nazirlikləri arasında sənəd imzalanıb. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İsrail dövlətinin Xarici İşlər Nazirliyi arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında" protokolun imzalanması bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun israilli həmkarı Aviqdor Libermanla görüşündə baş tutub.
Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələri müzakirə olunub.