“Kazimirov həmsədr olduğu vaxtlarda da təxribatçı fikirlər ortaya atırdı” Siyasət

“Kazimirov həmsədr olduğu vaxtlarda da təxribatçı fikirlər ortaya atırdı”

Elxan Şahinoğlu: "Azərbaycan heç cür sabiq həmsədrin dediyinə gedə bilməz"

ATƏT-in Minsk qrupunun sabiq rusiyalı həmsədri Vladimir Kazimirov Ermənistan mediasına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib. O bildirib ki, Dağlıq Qarabağdakı qondarma rejim danışıqlar prosesində iştirak etməlidir. Kazimirovun sözlərinə görə, "Qarabağın taleyi onun iştirakı olmadan müəyyən edilə bilməz".
Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Kazimirov həmsədr olduğu vaxtlarda da təxribatçı fikirlər ortaya atırdı. Politoloq hesab edir ki, Azərbaycan heç cür sabiq həmsədrin dediyinə gedə bilməz, çünki Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır: "Azərbaycan Dağlıq Qarabağ seperatçıları ilə danışıqlara getsə, bu o deməkdir ki, Ermənistan burada rolunun olmadığını təsdiq etmiş olur. Torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini aprel döyüşləri də göstərdi. Dağlıq Qarabağda Ermənistan qoşunları yerləşir". Politoloq hesab edir ki, əgər Ermənistan öz işğalçı qoşunlarını işğal edilmiş ərazilərdən çıxarsa, danışıqların hansısa mərhələsində Qarabağ erməniləri, o cümlədən azərbaycanlılar iştirak edə bilər. E. Şahinoğlu hesab edir ki, indiki halda bu mümkün deyil: "Bu məsələdə həmsədrlər də bizə təzyiq etmir. Bütün dünya, hətta Ermənistanın strateji müttəfiqi Rusiya da bilir ki, bu Azərbaycan-Ermənistan qarşıdurmasıdır. Ermənistan torpaqları boşaltmalıdır. Bu olmadan Azərbaycanın seperatçılarla danışıqlar aparması mümkün deyil. Azərbaycanlı və erməni icmalarının görüşüb fikir mübadiləsi aparması mümkündür. Amma hesab edirəm ki, rəsmi səviyyədə bu mümkün deyil".