Vaşinqtonun Qafqaz və Avropada zəif rolu Siyasət

Vaşinqtonun Qafqaz və Avropada zəif rolu

2012-ci ildə "Koka-Kola"nın Boliviyadan qovulması ilə ABŞ xarici siyasətinin təsir gücünün tarixi düşüşə başlayacağını kim düşünə bilərdi? Buraya təkcə Cənubi Amerika regionu deyil, Cənubi Qafqaz və Cənub-Şərqi Avropa bölgəsi də daxildir.
ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi, Suriya müharibəsi, Krım – Ukrayna böhranının həllində son dərəcə yaxından iştirak etməməsi, o cümlədən Filippin prezidenti Rodriqo Duterte ilə diplomatik böhran ABŞ-ın nüfuzuna öz təsirini göstərib.
"Foreign Policy Newsda Piter teizin müəllifliyi ilə nəşr olunan məqalədə deyilir ki, prezident Obamanın Bəşər Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsi və bununla bağlı məsuliyyətdən imtina etməsi haqda bəyanatı keçmiş Yuqoslaviya ərazisindəki müharibələrdən sonra ən iri beynəlxalq böhrana təkan verib.
Polşa və İsveçin təşəbbüsü ilə Ağ Ev Ukraynanın Aİ-nin "Şərq tərəfdaşlığı" proqramına namizdəliyi dəstəkləyir. Lakin o, 2014-cü ildə Çin və Rusiyanın Ukrayna dövlətinin ən böyük ticarət tərəfdaşları olması faktına məhəl qoyulmayıb. Həmin dövrdə Rusiya və Çin ilə Ukrayna arasında təxminən 13 milyard dollarlıq ixrac və 19 milyard dollarlıq idxal mübadiləsi olub. Bu ticari əməkdaşlıq Ukraynanın və regionun başqa sahələrinin inkişafına yardım edib. Digər tərəfdən İtaliya Ukraynanın yeganə və əsas ixrac istiqamətidir (2,66 milyard dollar). Bundan başqa, Polşa ilə Almaniya (ümumilikdə 9,03 milyard dollar) Ukrayna mallarını idxal edən əsas ölkələrdir.
ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hazır olmadıqlarını iddia etməklə "diplomatik burulğan" yaradıb. Amma o, danışıqlar aparmaq üçün dünyanın ən müxtəlif "əyalət"lərinə səfərlər edir. Məsələn, Kerri müxalif qüvvə olan 2 minlik İran mücahidlərinin məsələsinin həlli üçün Albaniyanın paytaxtı Tiranaya yollanıb. Dövlət katibi Afrika qitəsinə 4 dəfə səfər edib. Amma Azərbaycan prezidenti İlham Əliyev ilə görüş keçirməyə Kerri hec cür vaxt tapmır.
Maraqlıdır ki, 2016-cı il mayın 21-22-də ABŞ dövlət katibinin təyyarəsi yanacaq doldurulmaq üçün Bakıya enib. Lakin Kerri Dağlıq Qarabağ problemi ilə tanış olmaq, Ermənistan silahlı qüvvvələri tərəfindən Azərbaycanın qəlbində törədilmiş vəhşilikləri öyrənmək, o cümlədən azərbaycanlı həmkarı Elmar Məmmədyarov və Azərbaycan prezidenti ilə görüşmək imkanını əldən verib.
Con Kerri İranın nüvə proqramı məsələsinin müzakirə olunduğu yerdə Dağlıq Qarabağla bağlı şərh verir. Amma onun Azərbaycanın təxminən iki onillik əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən başladılmış münaqişənin həllinə hazır olmadığını söyləməsi üçün hüquqi əsas yoxdur.
Azərbaycan rəsmiləri Vaşinqtona rəsmi səfərlər edir. Amma ABŞ-ın bir nömrəli diplomatının Bakıya səfər etməyə, ən azı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu nümayiş etdirməyə vaxtı yoxdur. Halbuki, o, bu səfərlə Dağlıq Qarabağ münaqişəsilə bağlı gərginliyin olduğunu şəxsən hiss edə bilərdi. Odur ki, burada gərginliyinin olmadığını söyləmək doğru deyil.
ABŞ-ın Dövlət Departamenti gözlənilmədiyi halda Qafqaz regionu, Ukrayna, Cənub-Şərqi Avropa və Cənubi Amkerika bölgəsində vakuum yaradıb. Dövlət Departamentinin bu yanaşması Rusiya və İran rəhbərliyinin qlobal arenada fəallaşmasına imkan yaradıb. Buraya təkcə Qafqaz regionu deyil, həm də Balkan bölgəsi, o cümlədən Venesuela, Ekvador və Nikaraqua daxil olmaqla, bəzi Latın Amerikası ölkələri daxildir.
İndi, Donald Tarmpın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli iki səbəbə görə ABŞ xarici siyasətinin prioritetinə çevrilməlidir. Birincisi, Azərbaycan ABŞ və Avropa İttifaqının (Aİ) vacib ticarət tərəfdaşıdır. Azərbaycan keçmiş İpək Yolunun keçdiyi regionda yüksək maliyyə sabitliyi və iqtisadi yüksəlişi ilə etibarlı oyunçudur.
İkincisi, Ermənistan silahlı qüvvələri tərəfindən ərazisinin işğal edilməsinə baxmayaraq, Azərbaycan hökuməti mürəkkəb enerji sektorunun inkişafına nail olub. Bu, Azərbaycana yoxsulluq səviyyəsini aşağı salmaq imkanı verib.
Dövlət katibi Con Kerri və ABŞ-ın Minsk qrupundakı nümayəndəsi Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həllində bilərəkdən fəallıq göstərməmələri, bu problemi həll etməmələri bu işdə üstünlüyü Moskvaya verib. Səfir Uorlik Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən iqtisadi blokadada saxlanıldığını belə, dünya birliyinin diqqətinə çatdıra bilməyib. Ümumiyyətlə C.Uorlik ATƏT-in Minsk qrupunun həmsədri kimi zəif səylər göstərib.
Vaşinqton təxminən 20 ildir davam edən bu müharibədən söz düşən kimi, özünü "günahsız insan" kimi aparmağa çalışır. Halbuki, ABŞ azadlıqsevər Azərbaycan, Gürcüstan və digər ölkələrə öz dəstəyini açıq-aşkar nümayiş etdirməlidir. Vaşinqton regiona "dəhşət gətirən", onun yerini doldurmaq istəyən ölkələrə şərait yaratmaq əvəzinə, regionda sülh və sabitliyin möhkəmlənməsinə yardım göstərən ölkələri dəstəkləməlidir. Dövlət katibi Kerri Azərbaycan xalqından üzr istəməlidir. Azərbaycan xalqı Atlantikadan o tərəfdəki dövlətin biganəliyindən əziyyət çəkir. Ola bilər ki, ABŞ Dövlət Departamenti üçün "Adidas", "Ferrari", "Porşe" kimi beynəlxalq şirkətlərin Paraqvaydan yüksək keyfiyyətli dərilərin alınmasına diqqət yetirməsi daha maraqlıdır. Xatırladaq ki, 1989-cu ildə Paraqvayda sağçı general Alfredo Stresneranın diktatorluğu sona çatdıqdan sonra bu ölkə heç vaxt ABŞ-ın xarici siyasəti üçün prioritet olmayıb.