“Ordumuz hər an müharibəyə başlaya bilər” Siyasət

“Ordumuz hər an müharibəyə başlaya bilər”

"Ermənilər heç nə edə bilməyəcəklər. Azərbaycan ordusunun qarşısını ala bilməyəcəklər".
Bunu açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ötən gün Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərmələrinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır:
"Ermənilərin indi tək bir yolları qalıb. Ya haradasa təxribat yaratmağa cəhd edirlər və ya hansısa yaşayış məntəqəsini atəşə tuturlar. Buna da nail ola bilmirlər. Azərbaycan ordusu daha ağır zərbələr vuracaq. Azərbaycan ordusu hər zaman, hər an, gecə-gündüz, erməni təxribatının qarşısını alacaq. Ordumuz hər an müharibə başlaya bilər. Hər an Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə başlaya bilər. Bunun üçün də kifayət qədər hərbi texnikamız, şəxsi heyət, maddi vəsaitimiz var. Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycan ordusu hər zaman hazır vəziyyətdədir".
Y. Aydəmirov bildirib ki, ermənilər sadəcə olaraq özlərini sakitləşdirmək, müvəffəqiyyət qazanmaq üçün belə edirlər: "Bu isə qətiyyən mümkün deyil" -, deyə o, vurğulayıb.
Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.