Azərbaycan yeni silahlar alacaq Siyasət

Azərbaycan yeni silahlar alacaq

Prezident İlham Əliyev: "Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq"

"Biz yeni silahların alınması ilə bağlı Moskva ilə danışıqlar aparırıq".
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində RİA "Novosti"-yə müsahibəsində deyib.
Dövlət başçısı Rusiyanın hərbi sənayesinin yüksək səviyyədə inkişaf etdiyini bildirib: "Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bunlara helikopterlər, müdafiə sistemləri-bütün kompleks daxildir. Bu daimi prosesdir".
Azərbaycan prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlər var: "Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollarlıq müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb".
Azərbaycan Prezidenti müsahibəsində neft hasilatı ilə bağlı məsələyə də toxunub. Dövlət baş qeyd edib ki, Azərbaycan neft hasilatını əlavə olaraq azalda bilər: "Əgər OPEC və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır. Bilirsiniz ki, biz sutkalıq hasilatın 35 min barel azaldılmasına dair öhdəlik götürmüşük. Biz bu öhdəliyi yerinə yetirəcəyik. Prosesə artıq başlanılıb. Hələlik biz hasilatı 35 min barel azaltmışıq. Əgər əlavə olaraq hasilatın azaldılmasına dair qərar qəbul olunarsa, təbii ki, biz bu qərarı dəstəkləyəcəyik. Hesab edirəm ki, bu prosesdə bütün ölkələr həmrəy olmalıdır", - deyə prezident bildirib.
Hasilatın azaldılmasına dair qəbul olunan qərarın müddətinin uzadılmasına dair suala prezident bu cür cavab verib: "Bu qərar hazırkı qərarın icra olunması ilə bağlıdır. Əgər qiymətlər stabilləşərsə, necə ki indi bu prosesi müşahidə edirik, fikrimcə, əlavə olaraq hasilatın azaldılmasına ehtiyac qalmayacaq".