“Şansdan maksimum yararlanılmalı idi” Siyasət

“Şansdan maksimum yararlanılmalı idi”

Əflatun Amaşov: "Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür"

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov "Lider TV"nin müxbiri Anar Həsənovun işdən çıxarılmasına münasibət bildirib.
ƏflatunAmaşov sosial şəbəkədəki hesabında yazıb: "Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Azərbaycan jurnalistinin – "Lider TV"nin müxbiri Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual ola bilsin ki, uğurlu deyildi. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, zənnimcə daha vacib məqamlara diqqət yetirmək lazım idi. Məsələn, 2016-cı ilin "Aprel müharibə"sindən sonra Lavrovun şəxsində Rusiya yeni sülh planı irəli sürmüşdü. Nizamlama prosesindəki son və deyərdim ki, daha real mərhələ məhz bu plan idi. Ancaq biz gördük ki, plan icra olunmadı. Ermənistan məsələyə əhəmiyyət vermədi. Rusiya isə sözünün üstündə durmadı. Lavrovdan bunun səbəbini soruşmaq olardı. Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür. Şansdan maksimum yararlanılmalı idi".
Mətbuat Şurasının sədri bildirib ki, jurnalistin işdən çıxarılması "Lider TV" rəhbərliyinin müstəsna səlahiyyətində olan məsələdir: "Əlbəttə, o, istedadlıdırsa, səmərəli fəaliyyəti ilə seçilirsə, potensialından digər vəzifələrdə də istifadə etmək olardı".
Əflatun Amaşov daha bir məqama da toxunub: "B əzi adamlar bildirirlər ki, Anar Həsənov jurnalist peşəsinə uyğun olmayan dəst-xətt seçirmiş. Müxtəlif təmənnalı işlər görürmüş. Mən bu yanaşmanı məqbul saymıram. Əgər belə işləri olubsa, ona qarşı tədbir vaxtında həyata keçirilməli idi. O adamlar da gərək həmin vaxt dilə gələydilər, fikirlərini bildirəydilər. Hər bir halda işçisini işdə saxlayıb, yaxud uzaqlaşdırmaq bir daha deyim "Lider TV" rəhbərliyinin səlahiyyətində olan məsələdir".
Qeyd edək ki, "Lider" telekanalı da Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanlandığı suala görə işdən azad edildiyi deyilən müxbiri Anar Həsənovla bağlı açıqlama verib.
Şirkətin "Xəbərlər" departamentinin rəisi Anar Şükürov Modern.az-a deyib ki, müxbirin işdən azad edilməsinin ünvanlandığı sualla heç bir əlaqəsi yoxdur: "Təəssüf ki, Anar Həsənovun işdən azad olunması məhz bu ərəfəyə düşdü. Yəni müxbirin işdən çıxarılması Rusiya xarici işlər nazirinə ünvanlandığı sualla bağlı deyil".
O bildirib ki, Anar Həsənov televiziyanın daxili əmri ilə işdən azad edilib:
"Onun işdən azad edilmə səbəbi tamamilə başqadır. Yəni hər bir idarədə, müəssisədə zaman-zaman işçilərin işdən çıxarılması, müqavilə müddətinin başa çatması yaxud könüllü çıxması baş verir. Məsələn, 2 ay əvvəl, elə təxminən 5 gün əvvəl başqa işçilər də işdən azad olunub. Anar Həsənovun işdən çıxarılmasının bu zamana düşməsi sırf təsadüfdür".
Anar Şükürov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Lider"in müxbirinin verdiyi suala görə cəzalandırması, təhqir etməsi faktlarını təkzib edib:
"Mən "Lider" televiziyasının "Xəbərlər" departamentinin rəisiyəm. Ümumiyyətlə, mənə müxbirin verdiyi suala görə nə Rusiyadakı Azərbaycan səfirliyindən, nə də burdan elə bir zəng, təpki olmayıb".
Departament rəisi jurnalistin peşəsinə uyğun olmayan istiqamətə yönəlməsi iddialarına görə işdən azad edilməsi iddialarına da münasibət bildirib:
"Mən ancaq onun işi ilə bağlı danışa bilərəm. Şəxsi işləri necə, nə cür olub, mən deyə bilmərəm. İşçi olaraq bizə Rusiyadan reportajlar hazırlayıb göndərib".