Azərbaycan strateji məqsədlərinə nail olub Siyasət

Azərbaycan strateji məqsədlərinə nail olub

Prezident İlham Əliyev: "Azərbaycan xalqı qürurlu xalqdır, imkan verə bilməz ki, kimsə bizə diqtə etsin"


"Mən dəfələrlə demişəm ki, məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdır".
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.
Dövlət başçısı bildirib ki, məmurlar rüşvətxorluqla məşğul olmamalıdır: "Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Biz "Asan Xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm. Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar".

"Güclü dövlət və ictimai nəzarət həyata keçirilməlidir"

Azərbaycan prezidenti bölgələri dayanıqlı enerji ilə təmin etmək üçün müvafiq tapşırıqlar verib. Dövlət başçısı qeyd edib ki, bu il "Azərişıq" tərəfindən bütün bölgələri dayanıqlı enerji ilə təmin etmək üçün əlavə işlər görülməli, yeni yarımstansiyalar, dayaqlar quraşdırılmalıdır.
Prezident İlham Əliyev bildirib ki, bu il "Azəriqaz" ən azı 80 kəndə qaz xətləri çəkməlidir: "Bu il qazla təminat 94 faizə çatdırılmalıdır".
Prezident qeyd edib ki, "Azəravtoyol" 40 kənd yolu layihəsini icra etməlidir: "Bu, həm insanlara rahatlıq verəcək, həm də iqtisadi inkişafa mühüm təsiri olacaq".
Dövlət başçısının sözlərinə görə, bu il Ələt Beynəlxalq Dəniz Limanı layihəsinin birinci mərhələsi başa çatmalıdır: "Digər nəqliyyat layihələrinin icrasına gəlincə, Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Azərbaycan üzərinə düşən işləri görüb. Biz gəmiqayırma zavodu hesabına donanmamızı yeniləşdiririk, Xəzəryanı ölkələri də gəmilərlə təmin edə bilərik".
Prezident "Azərsu"ya da tapşırıqlar verib: "Bakının fasiləsiz su təminatı 80 faizə çatıb, ölkə üzrə bu göstərici 65 faizdir. Bu göstərici daha da artmalıdır. Biz bu proqrama başlayanda fasiləsiz su təminatı 25 faiz idi. Bu il minimum 50 kənddə sutəmizləyici qurğular quraşdırılmalıdır. Digər tərəfdən, meliorasiya sahəsində böyük işlər görülməlidir. Bu il 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Biz buna nail olmalıyıq. Bu layihələrin icrası nəticəsində ixrac potensialımız artmalıdır. Yeni suvarılacaq torpaqlarda hansı məhsulların əkilməsi ilə əlaqədar hazırda işlər gedir. İlk növbədə daxili tələbat ödənilməli, sonra ixrac olmalıdır".
Dövlət başçısı görüləcək işlərə güclü dövlət və ictimai nəzarət həyata keçirilməli olduğunu vurğulayıb: "Ağdam rayonunda 30 artezian quyusunun qazılması xahiş olundu. Bunun nəticəsində 1000 hektar torpağın suvarılması təmin olunacaq. Kürdəmirdə 15800, Hacıqabulda 4800, İmişlidə 3000, Neftçalada 8000, Şəmkirdə 8000, Ucarda 2100 hektar yeni torpaq sahələri suvarılacaq. Bu işlər yerli icra hakimiyyəti orqanlarının xətti ilə həyata keçiriləcək. Meliorasiya və Su Təsərrüfatı ASC-nin həyata keçirdiyi layihə nəticəsində Arazın yeni qolu sayəsində 40 min hektar torpaq sahəsi suvarılacaq. Ümumilikdə 160 min hektara yaxın yeni əkin sahələri yaradılacaq. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, ictimaiyyət bunu bilsin və nəzarət etsin. İlk dəfə bu işlərin bir hissəsini rayon icra hakimiyyətlərinə həvalə edirik və bu işlər görülməlidir".


"Azərbaycanda gübrə zavodu fəaliyyətə başlayacaq"

Ölkənin ərzaq təhlükəsizliyindən söz açan dövlət başçısı bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. Prezident istehlak edilən mal ətinin 95, qoyun ətinin isə 99 faizinin yerli heyvandarlıq təsərrüfatlarının payına düşdüyünü bildirib..
Prezident İlham Əliyev deyib ki, Azərbaycan kərə yağı ilə 76 faiz özünü təmin edir, bunun 10 faizi xarici faktordur: "Burada 10 faiz qablaşdırma ilə bağlıdır. Qablaşdırma elə məsələ deyil ki, biz bunu həll edə bilməyək. Buğda ilə özümüzü 53 faiz təmin edirik, burada 23 faiz xarici faktordur. Arpa ilə 102 faiz, qarğıdalı ilə 71 faiz, soya ilə cəmi 4 faiz, meyvə və giləmeyvə ilə 102 faiz özümüzü təmin edirik. Ancaq elə növlər var ki, özümüzü təmin edə bilmirik. Meyvə və giləmeyvə vacib ixrac məhsulumuzdur".
Prezident Azərbaycanın bütün növ tərəvəzlə 96 faiz özünü təmin etdiyini söyləyib: "Kartofla təminat 86 faizdir, bu, bir az aşağı düşüb. Şəkərlə özümüzü 115 faiz təmin edirik. Ancaq bunun tərkibində 73 faiz xarici faktor var. Şəkər çuğundurunun əkilməsi, becərilməsi, şəkər hazırlanması üzrə Dövlət Proqramı hazırlanıb. Bal ilə 97 faiz təmin edirik".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik dövründə ərzaq təhlükəsizliyini tam təmin etməyə çalışmalıdır: "Yeni dövriyyəyə cəlb edilən torpaqlar hesabına idxaldan asılılığa son qoya və ixracın artmasına nail ola bilərik. Keçən il 90 min ton pambıq tədarük etmişik. Bu il isə 200 min ton pambıq istehsalı gözləyirik. Bu sahə Mingəçevirdə yaradılacaq sənaye parkının təminatı ilə bağlıdır. Mingəçevirdə təməlini qoyduğumuz iplik və digər sahələrlə bağlı zavodlar bu ilin sonlarında istifadəyə verilməlidir. Yeri gəlmişkən, hazırda 37 rayonda insanlar baramaçılıqla məşğuldurlar. 2019-cu ildə 1300 ton barama istehsalı planlaşdırılır".
Prezident İlham Əliyev fındıqçılığın inkişafının xüsusi diqqət mərkəzində olduğunu nəzərə çatdırıb: "Hazırda 3035 min hektarda fındıq sahələri var, biz bunu 80 min hektara çatdırmalıyıq. 30-40 min hektar ərazidə isə şəkər çuğunduru əkilməsi nəzərdə tutulub. Bu şəkər çuğunduru şəkər zavoduna göndəriləcək və şəkər zavodunun xaricdən valyuta ilə xammal alması minimuma enəcək. Bakı ətrafında və Abşeronda badam, zeytun bağları salınmalıdır. Tütün istehsalı Azərbaycanda 10 min tona çatmalıdır. Üzümçülük və şərabçılıqla bağlı tədbirlər də nəzərdə tutulur. Biz indiki səviyyə ilə razılaşa bilmərik. Bu sahələr üzrə assosiasiyalar keçən il yaradılıb. Şərabçılıq Assosiasiyası xarici bazarlara çıxışlar tapmalıdır. Hazırda cəmi 3 milyon dollar həcmində şərab məhsulları ixrac olunur. Bu göstərici 10 dəfə, 20 dəfə, daha çox artırılmalıdır. Biz dost, qonşu ölkələrlə də danışmışıq ki, Azərbaycan şərabına yer ayrılsın. Biz ildə 50-60 milyon dollar soya alınmasına xərcləyirik. Biz soya sahələrini artırsaq, bunu uğurla ixrac edə bilərik".
Dövlət başçısı 50 min baş cins mal-qara gətirilərsə, Azərbaycanda süd məhsullarına tələbatın tam təmin olunacağını açıqlayıb: "Biz səmərəsiz örüş sahələrini əkinə cəlb etməliyik. Ancaq bu sahədə də planlı iş görülməlidir. Yəni bir sahəni inkişaf etdirməklə, digər sahənin inkişafına ziyan vurulmamalıdır. Burada düşünülmüş siyasət aparılmalıdır. Yeri gəlmişkən, yun tədarükü ilə bağlı cəmi bir sahə var. Bu il ən azı 10 yeni yun tədarükü sahəsi yaradılmalıdır".
Prezident çayçılığın, arıçılığın inkişafının da diqqət mərkəzində olduğunu söyləyib: "Biz bal məhsullarının istehsalına başlamışıq. Bazarlara çıxmaq üçün təqdimatlar keçirilməli, reklam işləri aparılmalıdır. Aqroparkların sayı da 10-a çatdırılmalıdır. Qəbul etdiyimiz strateji yol xəritələrində də əsas istiqamətlər göstərilib".
Dövlət başçısının sözlərinə görə, taxılçılıq az gəlir gətirən sahə olsa da, strateji sahədir. O deyib ki, hazırda Azərbaycan 53 faiz özünü taxılla təmin edir və bu göstərici artırılmalıdır: "İndi 250-300 milyon dollar xaricdən taxıl alınmasına sərf edilir".
Prezident bildirib ki, Azərbaycanda gübrə zavodu fəaliyyətə başlayacaq: "Pestisidlərin də ölkə daxilində istehsalına nail olmalıyıq".

"Bu il həm də 42 min ictimai iş yerləri açılacaq"

Prezident İlham Əliyev deyib ki, Azərbaycan hazırda özünü 100 faiz sementlə təmin edir.
O bildirib ki, Azərbaycan özünü əhənglə 90 faiz, gipslə 200 faiz, mərmər-travertin ilə 46 faiz, alçipan ilə 100 faiz, armatur ilə 72 faiz, alüminium ilə 231 faiz təmin edir: "Keçən il tikinti malları sektoruna qoyulan investisiyalar azaldı, ancaq bu, müvəqqəti haldır. Mənzil İnşaat Agentliyi xətti ilə inşa olunacaq binalar, Bakıda köhnə binaların yerində yeni binaların tikilməsi layihələri bu sahəni canlandıracaq".
Prezident qeyd edib ki, xalçaçılıq inkişaf etməlidir: "Azərbaycan turizm üçün çox cəlbedici ölkədir. Bakıda dünyanın aparıcı otel şəbəkələrinin mehmanxanaları var. Bizim qonaqpərvər insanlarımız, ölkədə sabitlik, təhlükəsizlik turistləri cəlb edir. Vizalar da sadələşdirilib. Azərbaycanda güclü turizm industriyası yaradılmalıdır".
Dövlət başçısı Quba və Mingəçevir şəhərlərində "ASAN Xidmət" mərkəzləri açılacağını söyləyib: "Bu il həm də 42 min ictimai iş yerləri açılacaq. Biz bütün bu işləri görərkən bir neçə məqsəd güdürük. Biz kənd təsərrüfatı ixracını iki dəfə artıra bilərik. Beləliklə, ölkəyə daha çox valyuta gələcək, iş yerləri artacaq, neftdən asılılıq azalacaq. Mən deyirəm ki, biz postneft dövründə yaşayırıq. Ancaq bu, o demək deyil ki, neft gəlirləri olmayacaq. Biz onillərlə neft gəlirlərindən xalqımızın rifahı üçün istifadə edəcəyik".





"130 məktəbdə təmir işləri aparılmalıdır"

Dövlət başçısı icbari sığortanın tətbiqi ilə bağlı görülən işlərdən də söz açıb. Prezident artıq Yevlax və Mingəçevirdə icbari sığorta ilə bağlı pilot layihənin icra olunuyduğunu deyib.
Dövlət başçısı inkişaf etmiş ölkələrdə icbari sığortanın tətbiq olunduğunu qeyd edib.
Məktəb tikintisi və təmirindən danışan prezientin sözlərinə görə, ölkə üzrə 130 məktəbdə təmir işləri aparılmalıdır: "Bakı Şəhər İcra Hakimiyyəti də bu il, uzağı gələn il Bakıda məktəblərdə təmir işlərini yekunlaşdırmalıdır. Bu il Gənclər və İdman Nazirliyi tərəfindən Abşeron və Ağcabədi idman kompleksləri də tikilib istifadəyə verilməlildir".


"Biz insanlarımızı doğma torpaqlarına qaytaracağıq"

Azərbaycan prezidenti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanıldığını bildirib.
"Biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq", - deyən dövlət başçısı kənd sakinlərinin bunu böyük məmnuniyyətlə qarşıladıqlarını bildirib: "Sakinlər böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər. Biz qısa müddətdə bu kəndi yenidən quracağıq. Bunun böyük tarixi əhəmiyyəti var. Cocuq Mərcanlı kəndi bir neçə ay işğal altında olub, Heydər Əliyevin rəhbərliyi altında Horadiz əməliyyatında işğaldan azad edilib.
Ancaq ermənilər bu müddət ərzində kəndi tamamilə dağıdıblar. Mən tapşırmışam ki, beynəlxalq təşkilatların nümayəndələrinin o kəndə səfəri üçün müraciət edilsin, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim edənlər hansı vəhşilikləri törədiliblər.
Orada foto, video görüntülər çəkilməli, lazımi işlər görülməlidir ki, bu vəhşiliklər sənədləşdirilsin. O kənddə infrastruktur bərpa olunmalı, tibb məntəqəsi, uşaq bağçası tikilməlidir. İlk mərhələdə 50 ev bərpa olunacaq, gələcəkdə 100 və daha çox ev bərpa ediləcək. Kənddə iş yerləri də açılmalıdır. Biz insanlarımızı doğma torpaqlarına qaytaracağıq".

"Xarici borcu çox ehtiyatla almalıyıq"

Prezident İlham Əliyev bildirib ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə iqtisadiyyat inkişaf edib.
Dövlət başçısı deyib ki, ötən il qeyri-neft sərmayəsi 5 faiz artıb: "Apardığımız dərin islahatlar nəticəsində bu inkişafı təmin edə bilmişik. Bu gün də dünyada davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə təsir göstərdi. Ancaq digər ölkələrlə müqayisədə Azərbaycan minimum itkilərlə bu prosesdən çıxıb. Keçən il yüz mindən çox iş yeri yaradılıb. Biz Dövlət Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik, bu da mühüm hadisədir. Çünki neftlə zəngin ölkələr valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini xərcləyib. Neft Fondundakı vəsaitlər gələcəkdə də iqtisadiyyatımız üçün vacib olacaq".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda görülən işlərə beynəlxalq təşkilatlar da yüksək qiymət verir: "Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanla bağlı hesabatında yenə yüksək rəy bildirib. Ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 3 pillə qabağa gedərək 37-ci yerdə qərarlaşıb. İnkişaf reytinqinə görə isə Azərbaycan 80-ə yaxın ölkə arasında 1-ci, 2-ci yerdə qərarlaşıb. Bütün bunlar bizi də sevindirir. Bu, həm də dünyanın maliyyə qurumlarına bir siqnaldır. Ona görə də Azərbaycan üçün kredit almaq elə də problem deyil. Biz isə xarici kredit almağa o qədər də meyl göstərməməliyik, çünki xarici borcun artması yaxşı hal deyil. Xarici borc 20 faiz həcmindədir. Əslində bu, manatın devalvasiyası ilə bağlıdır. 20 faiz aşağı göstəricidir. Xarici borcu çox ehtiyatla almalıyıq. Yalnız strateji əhəmiyyət daşıyan layihələrlə bağlı borc ala bilərik".


Yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılacaq

Azərbaycan Prezidenti son illər məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbənin tikildiyini, 5 milyard manatdan çox vəsait ayrıldığını bildirib və qeyd edib ki, bu il də yeni binalar tikilməlidir.
Dövlət başçısı deyib ki, qəsəbələrdə fərdi evlərin tikintisi də həyata keçirilməlidir: "Çünki o qəsəbələrdə artıq infrastruktur var. Tapşırıq verilib ki, bu il yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılsın. Bu il və qarşıdakı illərdə vəsait ayrılacaq ki, yataqxanalardakı məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılsın. Yaxın bir ay ərzində vəsait ayrılacaq".


"Su ehtiyatları yaratmalıyıq"

Azərbaycan prezidenti regional proqramlar tərtib edilərkən yerlərdən gələn təkliflərin nəzərə alındığını bildirib və qeyd edib ki, bu proqramların məqsədi insanların narahat edən sosial məsələlərin həlli olunmasıdır.
Dövlət başçısı bildirib ki, regionların inkişafı ilə bağlı birinci və ikinci proqram uğurla icra edilib: "Əminəm ki, üçüncü Dövlət Proqramı da uğurla həyata keçiriləcək. Birinci Dövlət Proqramı tarixi addım idi. Birinci Proqram qəbul edilməsəydi, bugünkü uğurlar olmazdı. Bütün şəhərlərimizdə quruculuq, abadlıq işləri aparılıb, böyük infrastruktur layihələri icra edilib. Bu, bu gün Azərbaycanın dinamik inkişafına təkan verir. Birinci mərhələ, əsasən, infrastruktur layihələri ilə bağlı idi və bu, təbii idi. Biz ilkin mərhələdə enerji təhlükəsizliyimizi təmin edə bilməmişdik, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ tikilirdi. Qazı da xaricdən alırdıq. İlk hədəf enerji müstəqilliyimizi təmin etmək idi. 2004-cü ildən Azərbaycanda gücü 2400 meqavatt olan 26 elektrik stansiyası inşa edilib. Bu gün mövcud olan 35 elektrik stansiyasının 26-sı Dövlət Proqramı icra edilərkən tikilib. Həmin vaxt Azərbaycanda qazlaşma 51 faiz idi, bölgələrdə isə demək olar ki, qazlaşma yox idi. İndi qazlaşmanın səviyyəsi 91 faizə çatıb".
Yol infrastrukturu sahəsində görülən işlərdən danışan prezident bildirib ki, yol olmayan yerdə investisiya, inkişaf ola bilməz: "Yol infrastrukturunun qurulmasında həm də böyük işçi qüvvəsi iştirak edir. Məqsəd qoyulub ki, magistral, şəhərlərarası və kənd yolları yüksək səviyyədə olsun".
Dövlət başçısı qeyd edib ki, ötən dövrdə 4 su anbarı tikilib: "Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarlarını xüsusi qeyd etməliyəm. Tale elə gətirib ki, su ehtiyatlarımızın əhəmiyyətli hissəi xaricdə formalaşır. Ona görə də belə su ehtiyatları yaratmalıyıq. Bu da böyük investisiya tələb edən sahə idi və əsas işlər görülüb. Birinci Proqramdan sonra əsas infrastruktur layihələri icra edilib. Bunların vaxt itirilmədən icra edilməsini istəyirdim. Bu infrastruktur bundan sonra on illərlə Azərbaycana xidmət edəcək. İnvestisiya o yerə qoyulur ki, orada baza infrastrukturu var. Qaz, işıq, su, yol olmayan yerə hər hansı biznesmen investisiya qoymaz".


"Qoyulan vəsait artıqlaması ilə geri qayıdacaq"

Azərbaycanda güclü milli biznes sinfinin yarandığını deyən dövlət başçısı bildirib ki, Azərbaycanda sahibkarlara dəstək məqsədi ilə Sahibkarlara Kömək Milli Fondu yaradılıb və sahibkarlara kreditlər verilib: "İndi bir çpx ölkə bizim təcrübəmizdən istifadə edir. İnfrastruktur layihələri, biznesə göstərilən dəstək, sosial layihələr vahid Proqram çərçivəsində uğurla icra edilir. Bizim məqsədimiz müstəqilliyimizi gücləndirmək və dayanıqlı inkişafa nail olmaqdır. Məqsədimiz odur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Pensiya, müavinət və maaşların artırılması bu məqsədə xidmət edir".
Prezident bildirib ki, 2003-cü ildən sonra 300-dən məktəb tikilib, təmir edilib: "10-dan çox teatr, 20 muzey təmir edilib, olimpiya idman komplekslər tikilir. Bu ilin büdcəsində də sosial infrastrukturun yaradılması üçün böyük vəsait nəzərdə tutulub".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq kosmik sənayeyə malikdir: "İki peykimiz var. Kosmik sənaye düzgün qurularsa, böyük gəlir mənbəyidir. Peyklərin yaradılmasına qoyulan vəsait artıqlaması ilə geri qayıdacaq".


"Azərbaycan liderlik keyfiyyətini ortaya qoymasaydı..."


Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən enerji layihələrindən də söz açıb: "Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrini həyata keçirmişik".
Dövlət başçısı bildirib ki, maneələr törətmək istəyənlər olsa da, Azərbaycan strateji məqsədlərinə nail olub: "Hazırda Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir. Əgər Azərbaycan liderlik keyfiyyətini ortaya qoymasaydı, Cənub Qaz Dəhlizi layihəsi də reallaşmazdı. Mən şəxsən 10-na yaxın beynəlxalq konfransda, tədbirdə iştirak eləmişəm, bax, bu layihə ilə bağlı və bu tədbirlərdə əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm və konkret danışmışdım, belə sadəcə olaraq formal yox, konkret nə kimi işlər görülməlidir. Biz qərar qəbul etdik ki, özümüz bunu edəcəyik – öz gücümüzə, dost, qonşu ölkələrlə birlikdə, bax, bunu edəcəyik və bunu edirik. Artıq digər ölkələr də buna qoşulur. Bu gün Cənub Qaz Dəhlizi layihəsi məhz Azərbaycanın liderliyi ilə həyata keçirilir. Keçən il Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yekun sənədində də Azərbaycanın lider rolu qeyd edildi".
Prezident bildirib ki, bu layihə uzunmüddətli məqsədlərə xidmət edir: "Azərbaycan daha önəm daşıyan ölkə olacaq".

"Xalq dəstəyi bizi ruhlandırır"

Dövlət başçısı qeyd edib ki, Azərbaycan neftdən çox ağıllı və səmərəli istifadə edən ölkədir: "Bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik deyil, bədbəxtlik gətirəcək. Ancaq biz möhkəm dövlət qurmuşuq, 25 ildir ki, müstəqil yaşayırıq. Gələcəkdə daha böyük işlər görüləcək. Bu işlərin mərkəzində xalq dayanır. Xalq dəstək verməsə idi, bu işlər görülməzdi. Bu, bizi ruhlandırır. Həm də biz bu işləri o qədər də asan olmayan şəraitdə etmişik. Bilirsiniz ki, bizə qarşı mütəmadi qarayaxma, təhqir kampaniyaları aparılır. Biz bilirik ki, bunların arxasında kimlər dayanır, məqsədləri nədir. Bizə qarşı çirkin siyasi kampaniyalar təşkil edənlər də siyasi səhnədən kənarlaşdırılıblar. Dünya da görür ki, Azərbaycan xalqı qürurlu xalqdır, imkan verə bilməz ki, kimsə bizə diqtə etsin".