Ermənilərin növbəti diversiyasının qarşısı alınıb Siyasət

Ermənilərin növbəti diversiyasının qarşısı alınıb

Fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət olunur.
Qeyd edək ki, Ermənistan mətbuatı da işğalçı ölkənin itkiləri barədə məlumatı təsdiqləyib. Ermənistan mətbuatınin yaydığı xəbərə görə Dağlıq Qarabağda 1 erməni hərbçisi öldürülüb, 1-i isə yaralanıb.
Məlumata görə, fevralın 8-də saat 11 radələrində təmas xəttində baş verən insident nəticəsində Ermənistan ordusunun müqavilə əsasında qulluq edən hərbçisi Qeqam Manukyan (1979) öldürülüb.
Saat 12 radələrində isə təmas xəttinin digər istiqamətində baş verən atışma zamanı əsgər Koryun Kirakosyan (1988) ağır yaralanıb.