BTQ 3 ölkənin inkişafına təkan verəcək Siyasət

BTQ 3 ölkənin inkişafına təkan verəcək

"Azərbaycanla Gürcüstan arasında əlaqələr dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanıb".
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
O bildirib ki, görüşdə strateji tərəfdaşlığın inkişafı yolları müzakirə olunub: "Bakı-Tiflis-Qars dəmir yolu xətti bu il fəaliyyətə başlayacaq. Bu layihə hər 3 ölkənin inkişafına təkan verəcək".
Elmar Məmmədyarov Gürcüstanla Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini bildirib. O deyib ki, hazırda Gürcüstanın sədrlik etdiyi GUAM təşkilatı çərçivəsində əlaqələrin inkişafı barədə müzakirələr aparılıb: "GUAM-ı xüsusilə iqtisadi baxımdan necə gücləndirmək barədə danışdıq. Müəyyən layihələr var. Yaxın 2-3 ay ərzində təşkilata üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur".
Elmar Məmmədyarov bu ilin ilk yarısı ərzində Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini də bildirib.
Mixail Canelidze Azərbaycan və Gürcüstanın 25 il ərzində dostluq və mehriban qonşuluq münasibətlərini davam etdirdiyini vurğulayıb. O bildirib ki, iki ölkə arasında yüksək səviyyəli dialoq var: "Əməkdaşlığımız müvafiq formatlarda davam edir və biz bu dialoqu intensiv şəkildə davam etdirmək fikrindəyik. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinə dair rəqəmlər pozitiv deyil. Regionda böhran olub. Lakin plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək. Potensialdan maksimum istifadə etməliyik. Ümid edirəm ki, bunlar pozitiv nəticələr verəcək. Regionda energetika və nəqliyyat layihələrinə önəm veririk. Tranzit imkanlarını artırmaq niyyətindəyik. Bu istiqamətdə mühüm layihələr var. Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə veriləcək".
Mixail Canelidze bəyan edib ki, Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir: "Əməkdaşlığımız Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də davam edir. Azərbaycanı Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik".