“Hər gün ermənilər ciddi itkilər verirlər” Siyasət

“Hər gün ermənilər ciddi itkilər verirlər”

Zaur Məmmədov: "Məsələn, Ağdərə - Tərtər istiqamətində düşmənin kəşviyyat – diversiya qrupu məhv edilib"

"Cəbhədəki döyüşlər bir daha sübut etdi ki, informasiya müharibəsi bəzən heç də səngərdən az vacib deyil. Ən əsası da, döyüşlərin ilk günlərində hər iki ölkənin sosial şəbəkələrində müxtəlif, təsdiq olunmamış informasiyaların yayılması təbii ki, sadə xalqı çaşdırıb. Buna görə mən hər kəsi rəsmi mənbələri səbrlə gözləməyi və tələsik informasiyalara uymamağı çağırıram". Bunu politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, ermənilər tərəfindən şəhidlərimizin növbəti dəfə təhqir olunması bizim üçün təəcüblü hadisə deyil: "Onlar tarixən belə namərd, çirkin davranışlarla necə iyrənc olduqlarını təsdiq ediblər. Lakin, elə düşünmək lazım deyil ki, Azərbaycan ordusu kimlərinsə qabağında acizdir. Düşməndən hər gün qisas alınır, hər gün ermənilər ciddi itkilər verirlər. Məsələn, Ağdərə - Tərtər istiqamətində düşmənin kəşviyyat – diversiya qrupu məhv edilib. Eləcə də bizim tərəfimizdən Xocavənd rayonu istiqamətində yerləşən erməni qərargahına zərbə endirilib. Həmin zərbənin videogörüntüləri də yayılıb.
Təəsüflər olsun ki, dünyanın hegemon dövlətləri müharibəyə başlayıb torpaqları azad etməyimizə imkan vermirlər. Lakin, bəzi dövlətlər odla oynayırlar. Vəziyyət belə davam edərsə müharibənin başlanması labüddür. Çünki, son günlərdə cəbhədə baş verənlər demək olar ki, kiçikmiqyaslı, lakin eyni zamanda strateji məntəqələri hədəf almış döyüşlərdir. Döyüşlərin böyükmiqyaslı müharibəyə keçməyəcəyindən isə heç kəs sığortalanmayıb. Əgər kimlərsə düşünürsə müharibənin başlanması Azərbaycanın maraqlarına cavab vermir, səhv düşünürlər. Bu kiçik, lokal müharibə olmayacaq. İran və Rusiya kimi dövlətlərin daxilinə qədər gedib çıxacaq müharibədən qalib Azərbaycan olacaq".