“Sarkisyanın son müsahibəsi ölkədaxili vəziyyətə hesablanıb” Siyasət

“Sarkisyanın son müsahibəsi ölkədaxili vəziyyətə hesablanıb”

İlqar Vəlizadə: "Çünki Ermənistanın daxilində gedən mürəkkəb proseslər Sarkisyanın reytinqini aşağı salır"

"Nə qədər ki Serj Sarkisyan hakimiyyətdədir, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyişlərin əldə olunması çətin məsələdir. Çünki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yürütdüyü siyasət bir başa müharibənin baş verməsinə səbəb yaradır". Bunu politoloq İlqar Vəlizadə deyib. Düşmən ölkənin "Euronews"a müsahibə verdiyini xatırladan politoloq bildirib ki, Sarkisyanın son müsahibəsi xarici auditoriyaya deyil, məhz ölkədaxili vəziyyətə hesablanıb: "Çünki Ermənistanın daxilində gedən mürəkkəb proseslər Sarkisyanın reytinqini aşağı salır. O, müsahibələrində cəbhədə baş verənlərin günahkarının guya Azərbaycan olması ilə bağlı fikirlər səsləndirməklə öz reytinqini qaldırmağa çalışır. Bilirsiniz ki, Avropada ermənilərin böyük diasporası var. Sarkisyan müsahibələrində həmin şəxslərə mesajlar verərək, onlardan dəstək əldə etmək istəyir".
İ.Vəlizadə söyləyib ki, Ermənistanın arxasında təkcə diaspora deyil, onlarla sıx işləyən qüvvələr, siyasi dairələr dayanır.
Hazırda Ermənistan rəhbərliyinin hakimiyyətdə saxlayan yeganə amilin yalan olduğunu deyən politoloq qeyd edib ki, əgər düşmən ölkənin cəmiyyəti vəziyyəti olduğu kimi görsə, Sarkisyan hakimiyyətdə qala bilməz: "Ermənistan öz yalan siyasətini illərdir ki davam etdirir. Məhz bu siyasətin nəticəsidir ki, son cəbhədə baş verənlər zamanı itkilərinin sayını belə gizlədir. Ümumiyyətlə, Ermənistan son aylarda kifayət qədər itki verib. Düşmən ölkə həftədə təxminən 10-a yaxın itki verir. Lakin bunların heç biri açıqlanmır. Əgər bu faktlar açıqlansa, orada siyasi vəziyət dəyişə bilər".