Nazarbayevin Bakı səfəri ölkəmizə nə vəd edir? Siyasət

Nazarbayevin Bakı səfəri ölkəmizə nə vəd edir?

Səfər planlaşdırılan səfərdir və bu, daha əvvəl baş tutmalı idi. Lakin müxtlif səbəblərdən reallaşmadı. Apreldə isə bu səfər baş tutacaq.
Bu sözləri politoloq İlqar Vəlizadə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin aprel ayının əvvəlində Azərbaycana səfərini şərh edərkən Moderator.az-a açıqlamasında deyib. Politoloq bildirib ki, Qazaxıstanla münasibətlərin inkişaf etdirilməsi ölkəmizin maraqları baxımından mühüm rol oynayır:
"Öncə qeyd edim ki, Qazaxıstan bizə qonşu dövlətdir. Türkdili dövlətlərdən biri kimi bu konteksdə də bizimlə sıx əməkdaşlıq edir. Qazaxıstan son vaxtlar nəqliyyat sektorunda iri layihələr həyata keçirir ki, Azərbaycanla münasibətlər bu məsələdə xüsusi yer tutur. Xəzərdən Çinə yol açılır.
Azərbaycan-Qazaxıstan münasibətləri yalnız sosial-iqtisadi deyil, siyasi baxımdan da önəmlidir. Qazaxıstan liderinin MDB məkanında böyük çəkisi var. Demək olar ki, o, bu məkanda ən qocaman və təcrübəli liderdir. Onun təcrübə və nüfuzu Qazaxıstanın mühüm layihələrdə iştirakına yol açır.
Qazaxıstan bu il İslam Əməkdaşlıq Təşkilatının sədridir. Məlum sammit cari ilin sentyabr ayında Astanada keçiriləcək. Bu il Azərbaycanda da İslam Həmrəyliyi İlidir. Yəni bu konteksdə də münasibətlərimiz üst-üstə düşür".
Politoloq vurğulayıb ki, Qazaxıstan son illər ərzində Azərbaycanın strateji müttəfiqinə çevrilib. Azərbaycan da Qazaxıstan üçün strateji müttəfiqdir:
"Qazaxıstanın Qarabağ məsələsində Azərbaycana verdiyi dəstək də xüsusilə vurğulanmalıdır. Ümumiyyətlə, Qazaxıstan demək olar ki, bütün məsələlərdə Azərbaycanın yanında yer alır, onun mövqeyini dəstəkləyir. Bu baxımdan Qazaxıstanla münasibətlərin inkişafı, bu münasibətlərin dərinləşdirilməsi Azərbaycan üçün mühüm önəm kəsb edir".