Rəsmi Bakı Aİ-yə sərt etiraz Siyasət

Rəsmi Bakı Aİ-yə sərt etiraz

"Siyasi motivli bəyanatların verilməsi istintaqın işinə müdaxilə və ona təzyiq göstərmək cəhdindən başqa bir şey deyil"

"Avropa İttifaqının (Aİ) ali nümayəndəsi və İttifaqın Qonşuluq siyasəti üzrə komissarının mətbuat katiblərinin mayın 3-də verdikləri bəyanat siyasi mahiyyət daşımaqla mövcud reallığı əks etdirmir və Rauf Mirqədirova qarşı açılmış cinayət işinin, eləcə də Leyla Yunusova və Arif Yunusovun bu prosesdə şahid qismində dəvət olunmasının əsl mahiyyətini təhrif etməyə cəhddir".
"Trend"in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəyanatı şərh edərkən jurnalistlərə deyib.
E.Abdullayev bildirib ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən başlanılmış istintaq onların jurnalist və ya vətəndaş cəmiyyəti fəaliyyəti ilə bağlı deyil: "İş üzrə istintaqın davam etdiyi müddətdə, vaxtından əvvəl hər hansı mühakimənin yürüdülməsi və siyasi motivli bəyanatların verilməsi istintaqın işinə müdaxilə və ona təzyiq göstərmək cəhdindən başqa bir şey deyil. Bu, eyni zamanda, qanunun aliliyi baxımından qəti şəkildə qəbuledilməzdir".
XİN rəsmisinin sözlərinə görə, məlum olduğu kimi, Azərbaycan həmişə Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqu dəstəkləyib: "İnanırıq ki, icmalararası dialoq qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması baxımından bütövlükdə sülh prosesinə öz əsaslı töhfəsini verəcək".