“Xarici borcumuzu bir neçə aya ödəyə bilərik” Siyasət

“Xarici borcumuzu bir neçə aya ödəyə bilərik”

Prezident İlham Əliyev: "Ermənistan prezidenti nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin"

"Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfədən də çoxdur. Başqa sözlə, əgər istəsək, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və xarici borcumuz sıfır olar".
Bunu Azərbaycan prezidenti İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü zamanı deyib.
"Biz işsizliyi 5 faizə, yoxsulluğu isə 6 faizdən aşağı endirməyə nail olmuşuq. Azərbaycanda məşğulluğun səviyyəsi əsasən çox əlverişli biznes mühiti və investisiya mühiti sayəsində qalxıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq. Çox yaxşı haldır ki, indi onlar təkcə neft və qaz sahəsinə deyil, həm də xidmət, turizm, otel biznesinə, kənd təsərrüfatına investisiya yatırırlar. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Buna görə də, bu, Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Eyni zamanda, regionda güclü iqtisadi mövqeyə, qonşularla yaxşı əlaqələrə və güclü maliyyə ehtiyatlarına malik olaraq biz strateji əhəmiyyət kəsb etdiyini düşündüyümüz sektorlara podratçılar cəlb edə bilərik".
Prezident İlham Əliyev bəzi şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərdiyini və bunun qəbuledilməz ilduğunu deyib.
"Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən narahatlığımı ifadə etmək istərdim. Çünki təkcə Dağlıq Qarabağ deyil, Dağlıq Qarabağ ətrafındakı 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir. Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istərdim. Bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər. Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, bu şirkətlər bunu öz riskləri hesabına edirlər, lakin mənim borcum sadəcə onlara bundan çəkinməklə bağlı xəbərdarlıq etməkdir", - deyə o vurğulayıb.
Azərbaycan prezidenti Serj Sarkisyanın MEDEF-dəki çıxışına da münasibət bildirib: "Bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan".
"Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar", - deyə o vurğulayıb.