“Qarabağın azadlığı üçün Çanaqqala ruhu lazımdır” Siyasət

“Qarabağın azadlığı üçün Çanaqqala ruhu lazımdır”

Millət vəkili Qənirə Paşayeva Çanaqqala Savaşının 102 ildönümündə Malatyada İsmət İnönü Üniversitetində geniş məruzə çıxış edib.
Malatyada İsmət İnönü Üniversitetinin və Temel Eğitim Topluluğunun təşkilatçılığı ilə "Çanaqqala Savaşı və Türk Dünyasına təsirləri" mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən prof. dr. Məsud Aydın Çanaqqala savaşının səbəbləri və nəticələri mövzusunda ətrafı danışıb. Yazar İmdad Avşar isə I Dünya müharibəsi əsnasında Sarıqamışda iqlim şərtləri səbəbindən məğlubiyyətə uğrayan Osmanlı ordusunun ruslara əsir düşən əsgərlərindən, onların taleyindən, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətindən və "Qardaş köməyi" jurnalından bəhs edib. Azərbaycan türkləri ilə Anadolu türklərinin birlik və dayanışmalarını dilə gətirib.
Daha sonra İsmət İnönü Üniversitetinin və Temel Eğitim Topluluğunun dəvəti ilə tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva türk dünyasının önündə çeşidli problemlər olduğunu deyib:
"Bu sorunları aşmaq, içində olduğumuz yüzili "Türk əsri" etmək üçün birlik və bərabərlik içində olmağımız gərəkdir. Çanaqqala bu baxımdan bizə örnək ola bilər. Çünkü Çanaqqala savaşına türk dünyasının dörd bir tərəfindən gələn könüllülər də qatılmıştı. Krımdan, Təbrizdən, Dağıstandan, Kərkükdən, Kiprdən, Balkanlardan vətənin müdafiəsinə gələn minlərlə gəncin içində əlbəttə minlərlə azərbaycanlı da vardı. Çanaqqalada yüzlərlə azərbaycanlı şəhidimiz var. Türk dünyasının hər yanından şəhidlərimiz var. Çanaqqalada türk millətini zəfərə daşıyan da bu milli birlik ruhu idi. Bu gün türk dünyasının müxtəlif yerlərində qanayan yaralar var. O cümlədən Qarabağ türk dünyasının həllini gözləyən önəmli məsələlərindən biridir və məncə, bu məsələnin həlli üçün də yeni bir Çanaqqala ruhuna ehtiyac var. Əminəm ki, Çanaqqalada vətənin bir qarış toprağını verməmək üçün ölümü heçə sayan türk gənclərinin yaratdığı bu milli birlik ruhu Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan toprpaqlarını işğaldan azad etmək üçün yenidən diriləcəkdir".
Millət vəkili Qənirə Paşayeva gənclərə Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə də geniş məlumatlar verərək, erməni yalanlarına qarşı mübarizədə fəal olmağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva konfransdan sonra tələbələrlə görüşərək İmdad Avşar ilə birlikdə hazırladığı "Qarabağ hekayələri" və Türkiyədə çıxan son kitabı "Vətən qoxusu" kitablarını gənclər üçün imzalayaraq hədiyyə edib.