“Azərbaycanın suveren ərazilərinə daxil olmuş ermənilər...” Siyasət

“Azərbaycanın suveren ərazilərinə daxil olmuş ermənilər...”

Piter Teys: "20 mindən çox azərbaycanlını qətlə yetirib"

"1918-ci ilin 30 mart – 2 aprel tarixlərində Azərbaycanın suveren ərazilərinə daxil olmuş ermənilər 20 mindən çox azərbaycanlını qətlə yetirib. Bu qırğın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 2 ay öncə törədilib. Bu, bütün dünyaya məlum olan faktdır ki, ermənilərin və onların rəhbərlərinin Azərbaycana qarşı ərazi iddiaları olub. Onlar zorakılıq aktları törətməklə azərbaycanlılara maddi və mənəvi ziyan vurub". Bu fikirləri ABŞ-dan olan siyasi ekspert Piter Teys bildirib. O deyib ki, 1998-ci ilin 26 martında Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış sənəddə qeyd edilir ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. P. Teysin fikrincə, bu zorakılıq aktlarını və insan qətllərini genişləndirmək məqsədilə bir çox hərbi əməliyyatlar və ideoloji kampaniyalar aparılıb: "Azərbaycanın qədim tarixi ermənilər tərəfindən manipulyasiya edilib və saxtalaşdırılıb. Ermənilərin öz tarixində isə böyük ölçüdə şişirtmələr var. Faktiki olaraq, azərbaycanlılar öz doğma torpaqlarından çıxarılıb və qonşu dövlətlərdən gələn ermənilər orada məskunlaşıb". Ekspert əlavə edib ki, soyqırım təcavüzkar ideologiya ilə müşayiət olunub, azərbaycanlılara və türklərə qarşı terror aktları törədilib: " Ermənilərin Rusiya imperiyası və SSRİ tərəfindən dəstəklənən genişləndirmə siyasəti və "Böyük Ermənistan" ideyası daha amansız şəkil alıb . 1905-1918-ci illərdə erməni daşnakları Rusiya imperiyası tərəfindən dəstəklənib və nəticədə onlar günahsız azərbaycanlılara qarşı qətl maşınını işə salıb".
Ekspert əlavə edib ki, azərbaycanlıların 1948-1953-cü illərdə Sovet Hökumətinin dəstəyi ilə Ermənistandan deportasiyası xüsusi plan əsasında həyata keçirilirdi: "Erməniləri Dağlıq Qarabağda erməniləri yerləşdirirdilər. Erməni şovinistlərinin "Böyük Ermənistan" siyasətini həyata keçirmək planına uyğun olaraq Azərbaycanın 20 faizdən çox torpağı işğal edildi və 1 milyondan çox insan qaçqın və məcburi köçkün oldu". O sonda bildirib ki, dünya gücləri qlobal arenada demokratiya və beynəlxalq hüquq prinsiplərinin yerinə yetirilməsinə mane olan bu ideologiyanın effekt və nəticələri barədə diqqətli olmalıdır.