ABŞ səfirinin İrəvana mesajı: inqilab, yoxsa sanksiya? Siyasət

ABŞ səfirinin İrəvana mesajı: inqilab, yoxsa sanksiya?

Ermənistanda 2 apreldə keçirilən və kütləvi saxtakarlıqla müşayiət edilən parlament seçkilərindən sonra ölkədə cərəyan edən siyasi gərginlik özünün pik nöqtəsinə çatıb.
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin araşdırmalarına görə, son günlər Serj Sərkisyanın Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın maliyyə dəstəyi ilə cəmiyyətdə alternativ fikirləri təbliğ edən qeyri-hökumət təşkilatları üzərində nəzarəti gücləndirməsi erməni cəmiyyətində və Qərb siyasi dairələrində birmənalı qarşılanmayıb.
Bildirilir ki, vəziyyətin belə davam etməsi ölkədə rəngli inqilab məsələsini aktuallaşdırır.
Müxtəlif humanitar fəaliyyətlər adı altında Ermənistana Qərb dövlətlərindən daxil olan maliyyə axını Serj Sərkisyan hökuməti və onu dəstəkləyən qüvvələr üçün əməlli-başlı baş ağrısına çevrilib.
Qərb və rusiyapərəst erməni siyasi elitasının arasında savaş daim gizli şəkildə aparılsa da, parlament seçkilərindən sonra Qərbin aktivliyinin artması və rəngli inqilab barədə siqnallar Sərkisyanı ciddi addımlar atmağa vadar edib. Sərkisyanın hökumət və onu dəstəkləyən qüvvələr üçün maneəyə çevrilmiş təşkilatların üzərində nəzarəti gücləndirdiyi bildirilir. Belə ki, Qərbə bağlı, Ermənistanın xarici siyasətində önəmli yer tutan fiqurlar dolayısı yollarla sıradan çıxarılır.
Ermənistan İstintaq Komitəsinin rəsmi məlumatına görə, Avropa Birliyinin Ermənistandakı nümayəndəliyinin qrant üzrə əlaqələndiricisi Maria Papyan külli miqdarda pul mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Bu məsələ ilə bağlı mətbuata açıq məlumat verilməsə də, erməni KİV-ləri bu işlə əlaqədar M.Papyandan başqa daha 13 nəfərin adının hallandığını qeyd edir.
Eyni zamanda, Sərkisyanın rəngli inqilab qorxusu onun kadr siyasətinə də təsir edib. Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin öz ölkəsində təkrarlanmasından ehtiyat edən Sərkisyan bu yaxınlarda müdafiə nazirinin müavini vəzifəsinə ixtisasca maliyyəçi olan Sona Qəribyanı təyin edib.
Bəzi erməni ekspertlər bu kadr dəyişikliyinin Sərkisyanın öz kreslosunu qorumaq məqsədilə aparıldığını qeyd edirlər. Onlar hesab edirlər ki, güc strukturunun müavini postuna məhz Sona Qəribyanın təyin edilməsi humanitar adlar altında ölkəyə gətirilən maliyyə vəsaitinin ac, rüşvətləşmiş, kriminagen vəziyyəti yüksək səviyyədə olan Ermənistan ordusuna sirayət etməsindən və qurumun ciddi maliyyə problemləri ilə üzləşməsindən xəbər verir.
Sona Qəribyanın fəaliyyət tarixçəsinə nəzər salsaq, görərik ki, o, Serj Sərkisyanın vuran "yumruğudur". Daha açıq ifadə olunsa, o, Serj Sərkisyanın hakimiyyəti dövründə harada ciddi maliyyə pozuntusu və maliyyə yeyintisi aşkar edilibsə, ora "nadzor" qismində göndərilib. Belə bir "personanın" Müdafiə Nazirliyində yüksək vəzifəyə gətirilməsi "Böyük Ermənistan" arzusu ilə yaşayan qərbmeyilli erməni diasporunun artıq ordunu ələ almasından və istənilən halda ölkədə "rəngli inqilab" baş verəcəyi təqdirdə tank və topların hakimiyyətə tuşlanacağından xəbər verir.
Məhz bütün bu baş verənlərin fonunda ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz yerli mətbuata açıqlamasında parlament seçkiləri zamanı seçicilərin pulla alınmasında əli olanların və seçki prosesinə maneə yaradanların səfirlik tərəfindən maliyyələşdirilən tədbirlərdə iştirakına qadağa qoyulduğunu bəyan edib.
ABŞ rəsmisinin bu açıqlaması həmin şəxslərə qarşı deyil, Ermənistan hökumətinə qarşı səsləndirilmiş bəyanat kimi qiymətləndirilir. Dolayısı ilə bu bəyanat ABŞ-ın Ermənistanda öz maraqları çərçivəsində manevr imkanlarının zəifləməsinin Sərkisyan rejiminə baha başa gələcəyi ismarışıdır. Bu ismarış isə gələcəkdə ya Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalarla, ya da rəngli inqilabla nəticələnə bilər.