IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrinin mediasında necə işıqlandırılıb? Siyasət

IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrinin mediasında necə işıqlandırılıb?

Mayın 25-də Beynəlxalq Mətbuat Mərkəzində "IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması" mövzusunda "dəyirmi masa" keçirilib.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbiri "İrşad" Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev açaraq ölkəmizin son illər beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyib. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da öz möhtəşəmliyi ilə seçilib. Bu Oyunlar bütün İslam ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirildiyini qeyd edib. O deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük əməyi sayəsində İslamiada ən yüksək səviyyədə təşkil olundu. Bunu bütün İslam ölkələrinin KİV-lərində yayılan informasiyalarda da açıq-aydın görmək olar.
Azərbaycanın İslam həmrəyliyinə nail olunması istiqamətində üzərinə götürdüyü missiyanı uğurla davam etdirdiyini deyən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov qeyd edib ki, Azərbaycan mədəniyyəti İslam sivilizasiyasının formalaşmasında çox mühüm elementdir.
Bildirilib ki, İslam ölkələri arasında əməkdaşlıqda media həmrəyliyi də çox mühüm əhəmiyyət kəsb edir. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının mətbuatında da geniş işıqlandırıldı. "Biz bir daha şahidi olduq ki, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təsis edilməsi çox gözəl ideyadır. Bu Oyunlar assosiasiyanın yaradılmasının zəruriliyini bir daha nümayiş etdirdi. Əminik ki, bu Oyunlar gələcəkdə İslam həmrəyliyinin daha da güclənməsinə öz töhfəsini verəcək", - deyə B.Həsənov qeyd edib.