
“Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə sürətlə inkişaf edir”.
Bunu politoloq Oqtay Qasımov “xalqcebhesi.az”a açıqlamasında deyib.
O qeyd edib ki, son 5-6 il ərzində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib:
“Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə intensiv şəkildə inkişaf edir. Artıq bu əlaqələr strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə qədər yüksəlib. Tərəflər arasında siyasi dialoqun yüksək səviyyədə olması qarşılıqlı səfərlərin intensivliyində də özünü göstərir. Son 5 ildə 15-dən artıq qarşılıqlı rəsmi səfərin həyata keçirilməsi bunun bariz nümunəsidir.
İki ölkə arasında Dövlətlərarası Şuranın yaradılması və onun müntəzəm iclaslarının keçirilməsi də əlaqələrin institusional əsaslarının kifayət qədər möhkəm olduğunu göstərir. Eyni zamanda, 500 milyon dollarlıq fondla birgə investisiya şirkətinin yaradılması qarşılıqlı investisiyaların artırılması və yeni layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan-Özbəkistan əməkdaşlığı siyasi münasibətlərlə məhdudlaşmır. İqtisadiyyat, ticarət, energetika, nəqliyyat, logistika, humanitar, mədəni və hərbi-texniki sahələrdə əməkdaşlıq genişlənməkdədir. Xüsusilə yaşıl enerji istiqamətində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında əldə olunan razılaşmalar strateji əhəmiyyət daşıyır. Bu layihələr Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya çatdırılmasına imkan verəcək.
Ticarət dövriyyəsinin artımı da münasibətlərin sürətli inkişafını göstərən mühüm göstəricidir. Son bir ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artaraq 800 milyon dollara yaxınlaşıb. Qarşıdakı dövrdə bu rəqəmin daha da artırılması üçün böyük potensial mövcuddur.
Azərbaycan və Özbəkistan Orta Dəhlizin əsas iştirakçılarıdır. Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat və logistika bağlantısı rolunu oynayır. Bu baxımdan iki ölkə arasında əlaqələrin inkişafı həm Azərbaycan, həm Özbəkistan, həm də bütövlükdə Türküstan coğrafiyasının Avropa bazarlarına çıxış imkanlarını genişləndirir.
Burada digər mühüm məqam isə münasibətlərin artıq yalnız dövlətlərarası səviyyədə qalmamasıdır. Azərbaycan və Özbəkistan arasında cəmiyyətlərarası əlaqələrin də formalaşması prosesi gedir. Qardaşlaşmış şəhərlərin sayının artması, media və QHT forumlarının keçirilməsi, humanitar və mədəni əməkdaşlığın genişlənməsi xalqlarımız arasındakı münasibətləri daha da möhkəmləndirir.
Azərbaycan Prezidentinin Özbəkistana budəfəki səfəri də münasibətlərimizin inkişafına növbəti mühüm töhfəni verəcək. Hesab edirəm ki, bundan sonra əlaqələrimiz daha intensiv və dinamik xarakter alacaq.
Hər iki ölkənin Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərindən olması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı, eyni zamanda, Türk Dövlətləri Təşkilatının güclənməsinə və təşkilat çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək. Bu proses Azərbaycanın Cənubi Qafqazda, eləcə də Avropa ilə Asiya arasında etibarlı körpü rolunu daha da möhkəmləndirəcək”.
Günel Elxan