“Biz müstəqilliyimizin əbədi olduğuna əminik” Siyasət

“Biz müstəqilliyimizin əbədi olduğuna əminik”

Fazil Mustafa: "Azərbaycan həm Cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir"

Cahangir Məmmədli: "28 May – Respublika günü Azərbaycanın taleyüklü bayramıdır"

Yaqub Mahmudov: "Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir"

Bir gün sonra Azərbaycanın milli bayramı - Respublika Günüdür. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 99 il ötür. 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də işğala məruz qalıb. Cumhuriyyət 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görüb, uğurlu addımlar atıb.
Millət vəkili Fazil Mustafa deyib ki, müstəqilliyin dəyərini bilmək üçün başqa xalqların müstəqillik uğurunda mübarizə tarixinə baxmaq lazımdır: "Görürsünüz ki, illərlə çöllərdə, dağlarda mübarizə aparan xalqlara müstəqil olmaq, xəritədə öz rəngi ilə tanınmaq nəsib olmur. Lakin bu bizə nəsib olub və bunun dəyərini bilməliyik". Fazil Mustafa söyləyib ki, bu gün biz 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanda müstəqilliyin dönməz olması üçün əlimizdən gələni etməliyik: "Hər kəs öz sahəsində çətinliklərlə qazanılan müstəqilliyin itirilməməsi üçün səylərini birləşdirməlidir. Ümid edirik ki, müstəqilliyimizin gələcəyi Azərbaycandan qoparılan torpaqlarla deyil, ölkəmizə qaytarılan torpaqlarla birlikdə olacaq. Biz müstəqilliyimizin əbədi olduğuna əminik. Çünki, müstəqillik mənəviyyatla bağlı olan məsələdir. Bizim mənəvi dəyərlərimiz üstün olduğu üçün heç zaman müstəqillikdən uzaq düşə bilmərik. Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin siyasəti nəticəsində hazırda beynəlxalq arenada özünə layiqli yer tutan Azərbaycan həm Cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir".
Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli diqqətə çatdırıb ki, 28 May – Respublika günü Azərbaycanın taleyüklü bayramıdır". C. Məmmədli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, ölkəmizin ən böyük bayramı məhz 28 May-Respublika günüdür: "Respublika günü Azərbaycanda azərbaycanlıların yaşadığı bütün dünya ölkələrində qeyd olunur və təsadüfi deyil ki, bu günlə bağlı ölkə başçısı İlham Əliyev demək olar ki, bütün dünya liderlərindən təbrik məktubu alır. Bu da o deməkdir ki, bütün dünya 28 May Respublika gününün Azərbaycan üçün önəmini çox yaxşı anlayır. Çünki müstəqilliyimizin təməli 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından qaynaqlanır".
Ulu Öndər Heydər Əliyev də hər zaman bildirirdi ki, Azərbaycanın dövlətçilik təcrübəsi 1918-1920-ci illərdən qurulub. Çox təəssüf ki, onu əldə saxlamaq mümkün olmadı. Lakin buna baxmayaraq, müasir Azərbaycanın qurucusu olan Ulu öndər həmin təcrübəni yüksək qiymətləndirərək və özünün dünya görüşünü ortaya qoyaraq həyata keçirdiyi uğurlu siyasət nəticəsində hazırda ölkəmiz Qafqazda lider ölkəyə çevrilib. Ümummilli lider qeyd edirdi ki, müstəqilliyi qazanmaq çətindirsə, onu qorumaq daha da çətindir. Bugünkü təcrübə də göstərdi ki, doğurdan da bu müstəqilliyi qorumaq üçün Ümummilli liderə ehtiyac var idi və müstəqilliyimizi məhz Ulu Öndər sayəsində qoruyub saxlaya bildik".
Cahangir Məmmədli əlavə edib ki, Azərbaycanın 1918-ci il 28 may dövlətçilik təcrübəsi bu gün bizim üçün hər şeydir: "Çünki biz klassikamıza və adət-ənənələrimizə, eləcə də dövlətçiliyimizə sadiq olan bir xalqıq. Bütün bunlar Azərbaycan xalqının idealıdır və onlar hər gün gerçəkləşməkdədir. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin siyasəti nəticəsində dünyada öz nüfuzu və gücünə görə seçilən Azərbaycan bu gün də Cümhuriyyət dəyərlərini yaşadır".
Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, deputat, akademik Yaqub Mahmudov Akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı imperiya yaradan, qonşu xalqları idarə edən xalq olub: "Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, Cənubi Qafqazda lider dövlətdir". İnstitut direktoru qeyd edib ki, türkçülüyün vətəni Azərbaycandır: "Türkçülüyün banisi deyildikdə Əli bəy Hüseynzadənin adı birinci yazılmalıdır. İlk dəfə üçrəngli bayraq ideyası da məhz Azərbaycanda doğulub. Əli bəy Hüseynzadənin "türkləşmək, islamlaşmaq, müasirləşmək" düsturu məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb".
"Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır", - deyə tarixçi-alim Yaqub Mahmudov bildirib.
Akademik qeyd edib ki, 28 may Şərqin və türk dünyasının tarixində çox böyük gündür: "Dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bütün Şərq üçün biz nümunə göstərdik. Azərbaycandan 5 il sonra Türkiyə də cümhuriyyət yaratdı".
Millət vəkili Eldəniz Səlimov vurğulayıb ki, keçən əsrin əvəllərində Azərbaycanın mütərəqqi fikirli ziyalıları milli dövlətçiliyin yaradılması naminə birləşərək 1918-ci ilin may ayının 28-də Azərbaycanın müstəqilliyini bildirən İstiqlal Bəyannaməsini qəbul ediblər. Onun sözlərinə görə, bununla da şərqdə ilk demokratik dövlət quruldu, ilk parlament, hökumət, dövlət aparatı təsis edildi: "Sərhədlər müəyyənləşdirildi. Dövlət atributları olan bayrağımız, himnimiz, gerbimiz qəbul olundu. Ölkə vətəndaşlarına bərabərlik hüququ verildi. Lakin Azərbaycanın müstəqilliyi 23 ay davam etdi, müstəqillik ideyası unudulmadı. Həmin ideyalar Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Ulu öndər Heydər Əliyev tərəfindən inkişaf etdirilərək xalqın tarixi, mədəni yaddaşını formalaşdırdı, Azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının həqiqətə çevrilməsinə zəmin yaratdı. Təsadüfü deyil ki, müasir müstəqil Azərbaycanın banisi olan Ulu öndər Heydər Əliyev müstəqilliyimizi milli sərvətimiz adlandırıb. Ümumilli lider Heydər Əliyev tərəfindən müstəqilliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətlərində görülən misilsiz işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalamaqla müstəqilliyimizin dönməzliyini, əbədiliyini dünya miqyasında bir daha nümayiş etdirərək, gələcəkdə də müstəqil siyasət həyata keçirəcəyimizi diqqətə çatdırıb. Bu Sərəncam Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib".