Fransa prezidentinin Bakı səfəri Siyasət

Fransa prezidentinin Bakı səfəri

Asim Mollazadə: "Fransa prezidentinin Azərbaycana səfəri iki ölkə münasibətlərinin bir neçə istiqamətdə inkişafına xidmət edəcək"
Musa Qasımlı: "Hesab edirəm ki, bu səfərdən sonra ikitərəfli münasibətlərdə yeni səhifə açılacaq"
Vəfa Quluzadə: "Görək, indi Olland bu tendensiyaya necə təsir edə bilər"
Ramiz Alıyev: "Bu səfər onu göstərdi ki, Azərbaycan Qərb üçün də önəmli bir ölkədir"

Fransa prezideti Fransua Ollandın Azərbaycana səfərinə müxtəlif ekpertər müxtəlif aspektlərdən yanaşırlar. Bəzi ekspertlər onun Qafqaza səfərinin Azərbaycandan başlamasını yüksək qiymətləndirirlər. Ümumiyyətlə bu səfərin əhəmiyyəti nədən imbarətdir? Bu səfər ikitərəfli münasibətlərə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə necə təsir göstərəcək?
Millət vəkili, professor Musa Qasımlı deyib ki, Fransa prezidentinin Azərbaycana səfəri həm ikitərəfli, həm regional, həm də beynəlxalq münasibətlər baxımından ciddi əhəmiyyət daşıyır: "Ollandın Azərbaycana ilk səfəri idi. Özünün dediyi kimi, o, bu səfərdə Azərbaycanı kəşf etdi. Fransa prezidentinin Azərbaycanın inkişafını vurğulaması, Azərbaycanda heyrətə düşdüyünü söyləməsi müstəqil dövlətçiliyimiz baxımından müstəsna əhəmiyyətə malikdir. Cənab Prezidentimiz İlham Əliyevin Fransa prezidenti ilə görüşdə çox mühüm mesajlar verməsi diplomatiya tariximizin qürurverici səhifələrindən biridir. Hesab edirəm ki, bu səfərdən sonra ikitərəfli münasibətlərdə yeni səhifə açılacaq, Azərbaycan - Fransa münasibətləri yeni keyfiyyət mərhələsinə çıxacaq. Şübhəsiz ki, Azərbaycan - Fransa münasibətlərinin yeni keyfiyyət mərhələsi cənab Prezidentimizin adı ilə bağlıdır".
Millət vəkili Asim Mollazadə bildirib ki, Fransa prezidentinin Azərbaycana səfəri Azərbaycan - Fransa münasibətlərinin bir neçə istiqamətdə inkişafına xidmət edəcək. O, ilk növbədə iki dövlət arasında iqtisadi əməkdaşlığın artmasının, Fransanın iş adamlarının Azərbaycanla bir neçə sahələrdə əməkdaşlıqlarının daha da güclənməsinin gözlənildiyini qeyd edib: "Bu səfər Azərbaycanla Fransa arasında mədəniyyət, təhsil və bir sıra digər humanitar sahələrdə əməkdaşlığın artmasına da təkan verəcək. Bunlar qarşılıqlı maraq doğuran sahələrdir".
Millət vəkili qeyd edib ki, Azərbaycan Minsk qrupunun həmsədlərindən biri olan Fransanın münaqişənin həllində düzgün mövqe seçməsini istəyir: "Münaqişənin həllinə yanlış yanaşma var. Beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirilir. BMT-nin qətnamələrinin icrası ilə bağlı hər hansı bir addım atılmır. Lakin hər dəfə həmsədr ölkələr hansısa kompramislərdən danışırlar. Hansı kompramisləri və kimdən gözləyirlər? Ermənistan təcəvüzkar siyasətində heç bir dəyişiklik etmir. Təcvüzkara qarşı hər hansı sanksiyalar tətbiq olunmur və ya BMT-nin prosedur qaydalarından istifadə edib hansısa bir addımla bağlı qərarlar qəbul edilmir. Bu da bizdə Minsk qrupunun fəaliyyətinə inamı azaldır. Biz Fransadan qəti addımlar, beynəlxalq hüquq normalarına hörmət gözləyirik".
Politoloq Vəfa Quluzadə isə bildirib ki, Ollandın Bakıda səsləndiordiyi bəyanat yüksək qiymətləndirilməlidir: "Bu bəyanat çox yüksək qiymətləndirilməlidir. Ukraynanın Krımı işğal olunandan sonra Qərb ərazi bütövlüyü məsələlərinə daha ciddi yanaşır. Əvvəllər bəyan olunurdu ki, Azərbaycanla Ermənistan getsin məsələni nə cür istəyir həll etsin, biz istənilən həll variantı ilə razı olacağıq. Amma indi ərazi bütövlüyü məsələsi birinci sətirə çıxır. Gəlin, geosiyasi məsələləri kənara qoyaq. Sülhdə həm Azərbaycan, həm də Ermənistan olduqca maraqlıdır. Azərbaycan istənilən addımları atıb. 99-cu ili yada salaq. Azərbaycan hər cür sülhə razı idi. Ermənistan da sülh imzalamağa razılığını vermişdi. Amma Qarabağ məsələsi Ermənistan parlamenti gülləbaran edildikdən sonra gündəlikdən çıxarıldı. Baş verənlər ona misaldır ki, ermənilər sülh istəyir. Amma sülhə doğru addım atan zaman ya prezidentləri işdən qovulur, ya da parlamentləri gülləbaran edilir. Görək, indi Olland bu tendensiyaya necə təsir edə bilər. Mən istərdim ki, Ermənistanın Rusiyadan müdafiəsi ilə bağlı xüsusi plan hazırlansın. Çünki Ermənistanı sülh imzalamağa qoymurlar. Ollan Ermənistanda olan zaman mütləq onlarla müzaikrə etməlidir ki, biz nə edək ki, siz Rusiyadan qorxmayaraq sülhə imza ata biləsiniz. Çünki sülhün necə olması, hansı detalların bizim, hansı detalların isə Ermənistanın xeyrinə olması müzakirə predmeti deyil. Ermənistana da Azərbaycana da sülh lazımdır. Regionda sülhün imzalanması Rusiyanın bölgəyə təsirini heçə endirir".
Politoloq Ramiz Alıyev bildirdi ki, Fransa Prezidenti Fransua Ollandın ölkəmizə səfəri böyük hadisədir: "Bu səfər onu göstərdi ki, Azərbaycan təkcə regionun lider dövləti yox, Qərb üçün də önəmli bir ölkədir! Bura həm iqtisadi, enerji layihələri, həm də ölkədə hazırki dövlət idarəçiliyi və prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı müstəqil daxili və xarici siyasəti daxildir. Fransa Avropanın lider olklərindən biridir, belə bir dönəmdə ölkə prezidenti səviyəsində bir səfəri ölkəmiz üçün təqdirə layiq hadisə sayılmalıdır. Belə ki Ukraynada gedən proseslər zamanı və digər regionlarda gedən siyasi proseslərə müstəqil və obyektiv şəkildə Azərbaycan tərəfindən münasibətin bildirilməsi bir daha subut edir ki, ölkəmiz düzgün siyasət yeridir". Onun sözlərinə görə, prezidentlərin mətbuat konfransı zamanı və iki ölkə arasında təşkil olunan Biznes Formda Fransa Prezidenti Fransua Ollandın ölkəmiz üçün səsələndirdiyi fikirlərə diqqətlə qulaq asnada görmək olur ki, Azərbaycanla yaxşı münasibət Avropa və və Fransa üçün necə böyük maraq kəsb edir: "Fransa həm BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, həm də ATƏT-in MİNSK qrupunun həmsədridiri olduğu üçün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda daha aktiv fəaliyyət göstərməlidir. Fransa BMT-nin erməni qoşunlarının qeyri şərtsiz olaraq Azərbaycan ərazisini boşaltması haqqında qətnaməsi veriləndə həmin qətnaməni dəstəkləyən bir ölkə olub. Belə məntiq ortaya çıxır ki, vaxtında Fransa da haqlı olaraq Ermənistanın işğalçı ölkə olmasını təsdiqləyib, indi isə həmin qərarlara da hörmət etməlidir. Prezident Fransua Olland və ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanı məcbur etməlidir ki, işğalçılıq əməllərindən əl çəksin. Fransa Prezidenti Fransua Olland kimi siyasi liderlər də çox gözəl bilir ki, Ermənistanın çıxış yolu yalnız və yalnız Azərbaycanın tarixi torpaqlarını işğal etməsindən keçir. İstər Türkiyə ilə olan münasibətlər və sərhədlərin bağlı olması, istərsədə regionda həyata keçirilən böyük siyasi və iqtisadi layihələrdən kənərda qalmamaq üçün ermənistan şərtsiz olaraq işğalçılıq əməllərindən əl çəkərək işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir və haqsız olaraq Türkiyəni qınadığı və yalan uydurmalarla dolu olan "qondarma erməni soyqırımı" iddasından əl çəkməlidir".
Politoloq Elman Nəsirov hesab edir ki, Fransa prezidentinin Cənubi Qafqaz regionu, eləcə də Azərbaycana səfəri böyük siyasi əhəmiyyətə malikdir: "Səfərin birinci Azərbaycandan başlamasının da xüsusi rolu var. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin səfərdən əvvəl verdiyi məlumata görə həm Azərbaycan, həm də Ermənistanda əsas diqqət mərkəzində saxlanılan məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq. Məsələyə bu kontekstdə yanaşdıqda heç şübhəsiz ki, Azərbaycan və Ermənistanda çox ciddi müzakirələrin aparılacağı proqnozlaşdırılır. Fransa dövlət başçısı burada obyektiv, real informasiyalar alacaq". Politoloq onu da deyir ki, Fransada çox güclü erməni lobbisi və diasporu var və onlar hər zaman antiAzərbaycan təbliğat maşınını işlək vəziyyətdə saxlayırlar: "Bu təbii ki, indiyə qədər Fransa prezidentinin mövqeyi və səsləndirdiyi bəyanatlara da təsirsiz qalmayıb. Xüsusilə, qondarma erməni "soyqırımı"nın 99 illiyi ilə bağlı çıxışında o, "soyqırımı" tanımadığına görə cəza verilməsinin bütün Avropada tətbiq edilməsinə çağırış etmişdi: "Eyni zamanda 2015-ci ildə, qondarma "soyqırımı"n 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün yenidən Ermənistana səfər edəcəyini bəyan etmişdi". Elman Nəsirovun sözlərinə görə, səfərə çoxtərəfli format baxımından da yanaşmaq lazımdır. Politoloq hesab edir ki, Fransa prezidenti Avropa İttifaqı Azərbaycana alternativ enerji mənbəyi kimi baxır: "Şübhəsiz ki, bu da Rusiyada müsbət qarşılanmır. Təsadüfi deyil ki, Rusiya mətbuatı Fransa prezidentinin regiona səfərini Qərbin, Parisin Rusiyaya təzyiqi kimi qiymətləndirib. Bu da bir daha onu təsdiqləyir ki, Fransa prezidentinin səfəri zamanı çox ciddi geopolitik məsələlər diqqət mərkəzində saxlanılacaq".
Politoloq onu da bildirib ki, Fransa prezidenti ilk gündən Azərbaycan haqqında öz təəssüratlarını paylaşıb: "O, Azərbaycanı çox sürətli iqtisadi inkişaf tempinə malik dövlət kimi dəyərləndirib. Eyni zamanda Azərbaycanla iqtisadiyyat, şəhərsalma, turizm, nəqliyyat sahələrində əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Fransa prezidenti humanitar sahədə əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayıb, Bakı şəhərində fransız məktəbinin olmasını müsbət hadisə kimi dəyərləndirib. Bütün bunlar bir daha təsdiqləyir ki, bu səfər əbəs yerə Ermənistanda həyəcanla qarşılanmır. Çünki Ermənistan tərəfi artıq onun fərqindədir ki, onların dezinformasiya maşını antiAzərbaycan təbliğatı ilə məşğuldur. Ancaq Fransa prezidentinin Bakıya səfəri ilə əsl həqiqətlər üzə çıxır, aşkarlanır. Fransa prezidenti öz gözü ilə görür ki, Azərbaycan xalqı qurucu, yaradıcı xalqdır və belə xalq işğalçı ola bilməz. Əksinə işğala məruz qalan tərəfdir". Elman Nəsirovun qənaətincə Fransa prezidenti Dağlıq Qarabağ probleminin həllinə bundan sonra daha artıq diqqət yetirəcəyini bildirib ki, bu da mühüm əhəmiyyət kəsb edir: "Ona görə də hesab edirəm ki, bu səfər təkcə Azərbaycan və Fransa əlaqələrinin inkişafı baxımından deyil, eyni zamanda Parislə Bakının Avropa İttifaqı kontekstində əlaqələrinin inkişafı baxımından da əhəmiyyətlidir".

Əli