“Yeni seçiləcək prezidentin Azərbaycana səfəri planlaşdırılıb” Siyasət

“Yeni seçiləcək prezidentin Azərbaycana səfəri planlaşdırılıb”

Ukrayna səfirinin müavini: "Səfər zamanı Ukrayna-Azərbaycan Prezident Şurasının 5-ci iclasının keçirilməsi nəzərdə tutulub"

"Mayın 9-da Rusiya rəhbərliyinin Sevastopola səfəri olub. Ukrayna bu cür addımları pisləyir, bu, Ukrayna qanunvericiliyinin kobud pozulmasıdır". APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfirinin müavini Rüstəm Rüstəmov bəyan edib.
Krım və Sevastopolun qeyri-qanuni işğal edildiyini deyən diplomat qeyd edib ki, bu ərazilərdə Ukrayna qanunları qüvvədədir və oraya giriş üçün icazəni Kiyev verir.
"Bu cür səfərlər qəbul edən tərəfin dəvəti əsasında baş tutur. Ukrayna isə belə dəvət göndərməyib. İkinci Dünya Müharibəsi zamanı xilaskar-ölkə imicini qazanmış Rusiya işğalçı ölkəyə çevrilib", - deyə o vurğulayıb.
Donetsk və Luqansk vilayətlərində keçirilən referendumlara gəldikdə isə R.Rüstəmov onlarla bağlı məlumatların Ali Radaya göndəriləcəyini və orada nəzərdən keçiriləcəyini bildirib. O qeyd edib ki, Rusiya tərəfindən maliyyələşdirilmiş qondarma referendumlarda əhalinin 10 faizi səs verib.
Ukraynalı diplomat həmçinin bildirib ki, ölkəsində fəaliyyət göstərən təxribatçı qruplar Kreml tərəfindən istiqamətləndirilir.
"İstisna deyil ki, bununla da Rusiya təbii sərvətlərə nəzarəti əlində saxlamağa çalışır. Söhbət ilk növbədə şist qazı ehtiyatlarından gedir. Donetskdə şist qazının ehtiyatları 3.5 trln. kubmetr təşkil edir", - deyə o vurğulayıb.
R. Rüstəmov Ukraynanın antiterror əməliyyatını davam etdirəcəyini də əlavə edib.
O həmçinin bildirib ki, bu ilin payızında Ukraynanın yeni prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Diplomat deyib ki, səfər zamanı Ukrayna-Azərbaycan Prezident Şurasının 5-ci iclasının keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl isə Kiyevdə hökumətlərarası komissiyanın yığıncağı keçirilməlidir.
R. Rüstəmov ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın davam etdiyini söyləyib: "Ötən il ticarət dövriyyəsinin həcmi 992 milyon dollara çatıb".
Diplomat Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə bir daha təşəkkür edib.