“15 iyul Türkiyədə çevrilişin mümkün olmadığını göstərdi” Siyasət

“15 iyul Türkiyədə çevrilişin mümkün olmadığını göstərdi”

Dünən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb.
Bəkir Bozdağ deyib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin təlimatı ilə keçən il iyulun 15-də hərbi çevriliş cəhdi olub: "Bu hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı 249 insanımız şəhid olub, 2200 civarında insan yaralanıb. Türkiyə Prezident Sarayı, Türkiyə Böyük Millət Məclisi atəşə tutulub, yüzlərlə insanımızı öldürdülər. Türkiyə parlamenti qurulduğu tarixdən sonra ilk dəfə bombalanıb. Mən parlamentdə çıxış edən parlament binasına iki dəfə bomba atıldı. Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə demokratiyaya, cümhuriyyətə sahib çıxıb. Türkiyə prezidentinin xalqı meydanlara səsləməsindən sonra proseslərin istiqaməti dəyişib".
Türkiyənin ədliyyə naziri bildirib ki, Rəcəb Tayyib Ərdoğanı diktator adlandıraraq bəzi beynəlxalq media orqanları onu gözdən salmağa çalışır: "Dünyada xalqın əmanətinə sahib çıxmaq üçün hərbi çevriliş etmək istəyənlərə meydan oxuyan ikinci lider varmı? Yoxdur. ABŞ, Avropa da daxil olmaqla, həmişə demokratiyadan bəhs edənlərin mövqeyi yalnız hərbi çevrilişin qarşısı alındıqdan sonra ortaya qoyuldu. Hərbi çevriliş cəhdinin nəticəsi məlum olmayan məqamda ABŞ açıqlama verir ki, Türkiyədə sabitliyin tərəfdarıyıq. ABŞ Türkiyədə seçilmiş hakimiyyəti dəstəklədiyini, hakimiyyətin yalnız seçki yolu ilə dəyişdirilə biləcəyini bəyan edə bilmir. Bir neçə ölkənin dəstəyi istisna ilə, Türkiyə bu məsələdə yalnız qaldı. Hərbi çevriliş cəhdinin uğursuz olmasının səbəbi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın qorxub qaçmamasıdır. Ən əsası isə xalqımız siyasi mənsubiyyətindən asılı olmayaraq, meydanlara axışdı, tankların qarşısına silahsız çıxdı. Dünyada demokratiyaya Türkiyə xalqı kimi sahib çıxan ikinci xalq varmı?"
Bəkir Bozdağ qeyd edib ki, 15 iyulda dosta və düşmənə Türkiyədə çevrilişin mümkün olmadığı nümayiş etdirilib: "Mən Türkiyə mediasına da təşəkkür edirəm. Eyni zamanda Türkiyənin sabiq prezidenti Turqut Özalı minnətlə anıram. Çünki məhz Turqut Özal müqavimətlərə baxmayaraq, ölkədə özəl televiziya və radio kanallarının yaradılmasının önünü açıb. Keçən il 15 iyulda özəl KİV-lər olmasaydı, bəlkə də hərbi çevriliş cəhdinin nəticəsi fərqli olardı. Orduda hərbi çevriliş cəhdinə qarşı çıxanların da rolunu xüsusi qeyd etmək istəyirəm".
Ədliyyə naziri saxlanılan və həbsdə olan şəxslərə qarşı işgəncələr verildiyi barədə bəzi beynəlxalq təşkilatların iddialarının əsassız olduğunu vurğulayıb.
Bəkir Bozdağ FETÖ-nün təlimatı ilə hərbi çevriliş cəhdində saxlanılan və bu gün mühakimə edilən şəxslərin cinayətlərini inkar etdiklərini nəzərə çatdırıb.