“Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən – ilə möhkəmlənir” Siyasət

“Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən – ilə möhkəmlənir”

Sahibə Qafarova: "Azərbaycanın regional liderliyi dünya tərəfindən açıq etiraf olunur"

"Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu ilin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. Bu dövrdə Azərbaycanın beynəlxalq əlaqələri güclənib, ölkəmizin nüfuzu daha da artıb, bir çox məsələlərdə ortaya qoyduğu mövqeyi və təşəbbüslərini dəstəkləyən tərəfdaşlarının sayı çoxalıb". Bu sözləri deputat, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən – ilə möhkəmlənir: "Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini şərtləndirir. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib".
Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır, sözünə etibar olunur. Dövlətimizin başçısının da sözügedən iclasda qeyd etdiyi ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, artıq bu sahədə geniş təcrübəyə malik olduğunu deyən Sahibə Qafarova vurğulayıb ki, cari ilin 6 ayı da bu mənada xüsusilə xarakterikdir: "Xatırlatmaq istərdim ki, bu il ölkəmizdə V Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, 24-cü Xəzər neft-qaz sərgi və konfransı bu kimi digər tədbirlər reallaşıb. Həmçinin, IV İslam Həmrəyliyi Oyunlarına da məhz Azərbaycan ev sahibliyi edib. İlk Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunlarının da ölkəmizdə keçirilməsi Azərbaycanın müasir inkişafını təsdiqləməklə yanaşı, ölkəmizdə multikulturalizmi, fərqli dinlərə, sivilizasiyalara yüksək münasibəti, dünyada sülh və barışın, mədəniyyətlər arasında həmrəyliyin təmin olunmasına verdiyi töhfələri də sübut edir. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə də öz təsirini göstərir. Bu cür yüksək səviyyəli tədbirlərin paytaxtımızda keçirilməsi o cümlədən Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin rəğbətini göstərir".
Sahibə Qafarova hesab edir ki, Azərbaycanın xarici siyasət sahəsində atdığı addımlar ölkəmizin prioritetlərinin reallaşdırılması, qarşıda duran hədəflərə nail olunması baxımından effektiv və uğurludur: "Hazırda Azərbaycan əsas məqsədə, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çarçivəsində həllinə nail olmaq üçün ardıcıl siyasətini davam etdirir: "2017-ci ilin birinci yarısında da bununla bağlı işlər görülüb. Ermənistanın işğalçı siyasətinin ifşa olunması, ölkəmizin beynəlxalq hüquqa söykənən mövqeyinin dəstəklənməsi, daha böyük dəyər qazanması sözügedən uğurların sırasında qeyd oluna bilər. Son olaraq Alxanlı kəndində törədilmiş cinayətin dünyada böyük əks-səda doğurması, beynəlxalq aləmin İrəvan hakimiyyətinin terrorçu fəaliyyətini tənqid etməsi Ermənistana, onun terrorçuluğu dəstəkləyən hakimiyyətinə dünyada nifrətin daha da artdığını göstərdi".