“Rəsmi Tehranın Ermənistan üçün yaratdığı gərginliyi nəinki ABŞ, hətta Rusiya çətinliklə azalda biləcəklər” Siyasət

“Rəsmi Tehranın Ermənistan üçün yaratdığı gərginliyi nəinki ABŞ, hətta Rusiya çətinliklə azalda biləcəklər”

Mübariz Əhmədoğlu:"İranın yeni ortalığa qoyduğu dəmir yolu layihəsi Mehri dəmir yolunun fəaliyyətə başlaması üzərində qurulub"

"İranla münasibətlər Ermənistan rəhbərliyi üçün həmişə reallıqdan daha çox piar resursu oynamışdı. Bu fikrin təsdiqi üçün hədsiz çox misal gətirmək olar. Amma biri kifayətdir. 2012-ci ildə Ermənistan prezidenti Serj Sərkisyan və İranın energetika naziri Məcid Namcunun iştirakı ilə Mehri SES-in təməlqoyma mərasimi keçirildi. SES-i 323 milyon dollar vəsait qoymaqla İran tikir, ermənilər idarə edir. Əldə olunan elektrik enerjisi yarıbayarı bölünür, 15 ildən sonra o, tamamilə Ermənistanın mülkiyyətinə verilir". Bunu politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, Ermənistanın təklifi ilə İran Mehri SES-in təhlükəsizliyini də öz boynuna götürdü: "Başqa sözlə, Azərbaycanın işğal altında qalan ərazilərinin bir qismini Ermənistanın əvəzində İran qoruyacaqdı. Amma bu layihə reallaşmadı və günahkarı da İran deyil. ABŞ-ın qoyduğu sanksiyalara görə Ermənistan bankları İran pulunu qəbul edə bilmədilər. S.Sərkisyan iranlı həmkarı Mahmud Əhmədinejada dolları kisələrlə göndərməyi təklif etmişdi. Amma Ermənistan rəhbərliyi həmişə İranla münasibətlərini tərifləyiblər. AİB və ŞƏT-in sammitlərində bir neçə dəfə Ermənistan prezidenti S.Sərkisyan İran məmuru kimi çıxış edib.
Ermənistan rəhbərliyi Ermənistan-İran dəmir yolu layihəsinin reallaşması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi. İran isə Ermənistana bütün vədləri vermişdi.
Ermənistan İran qazını Gürcüstan ərazisi vasitəsilə Avropa bazarına çıxarmaq istəyirdi. İran Ermənistanın arzuladığı qaz tranziti müqaviləsini imzaladı. Amma Ermənistan Gürcüstanla İran qazının tranziti barədə razılaşma əldə edə bilmədi. Ermənistanın və İranın bu dövrdəki hesablamalarında anti-Azərbaycançılıq və anti-Türkiyəçilik ən öndə idi. İndi İran həmin İran deyil. İran Türkiyə ilə birlikdə İraq və Suriyanın ərazi bütövlüyünü qorumaq barədə razılaşma əldə ediblər. İranın iqtisadiyyatının dirçəldilməsi ilə bağlı planların böyük bir qismi Azərbaycan Respublikası ilə əlaqəlidir".
M.Əhmədoğlu qeyd edib ki, İranın Azərbaycana və Türkiyəyə münasibətinin belə transformasiyası fonunda Ermənistan İsraillə əlaqələri qızışdırdı: "İsrail siyasilərinin Ermənistana və Dağlıq Qarabağa indi gəlişi Ermənistanın on illər boyu İsrailə yalvarmasının nəticəsi idi. İsrail siyasilərinin fikrincə, bu ölkə Ermənistan vasitəsilə İranı antiTürkiyə oyunlara qoşa bilər. Amma İranı tanıya bilməməsi Ermənistanı çox çətin vəziyyətə salıb. İsrail mövzusunda İranın Ermənistana yalnız bir güzəşti ola bilər: Familiyası İsrailyan olan ekspert İranın mövqeyinin şərhini verməkdə nisbətən öncül ola bilər. Başqa heç nə.
Ermənistanın AİB-İran əlaqəlinin qurulmasında çapalamaları da nəticəsiz qaldı. Əvvəla, effektli olsaydı danışıqlar bu qədər uzun çəkməzdi. İkincisi, AİB-İran əlaqələrində RF və Qazaxıstan özlərinin prioritet mövqelərini ortalığa qoyardılar. Üçüncüsü, AİB üzvü Belarus İranla əlaqələrdə xüsusi şərtlər irəli sürüb. Başqa sözlə, ermənilərin xüsusi hörmətə və ya bacarığa malik olmadığı İrana dəqiq bəlləndi. Belə fonda İran Ermənistana qarşı yeni konsepsiya ortalığa qoyur. İran-Ermənistan əlaqələri uzun müddətli və hərtərəfli olmalıdır. Məqsəd Ermənistanın daxilində İranın layihələrinə maneələrin yaranmasına imkan verməməkdir. Ona görə prezident H.Ruhaninin komandası hələ təsdiq mərhələsində olarkən İran prezidentinin Xüsusi tvə Azad İqtisadi Zonalar üzrə müşaviri Əkbər Türkan Ermənistana səfərə gəldi və çoxsaylı görüşlər keçirdi. Nəticədə İran prezidentinin müşaviri Ə.Türkan və Ermənistanın iqtisadi inkişaf və investisiya naziri S.Karayan arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum "Mehri" və "Araz" İqtisadi Zonalarını sıx əlaqələndirməkdir.
İran öz istədiyinə nail oldu. Ermənistanı "Araz" AİZ-ə qoşa bildi. Xüsusi olaraq qeyd edək ki, "Araz" AİZ-in reallaşması Dağlıq Qarabağ münaqişəsinin həllini tələb edir.
Uzun müddətlilik daha iki parametri özünə birləşdirir:
1. Ermənistan qonşularla münaqişədən imtina etməli, heç zaman münaqişə mənbəyi olmamalıdır. Söhbət təkcə İranın Ermənistana görə hansısa münaqişəyə cəlb olunmasından getmir. İran belə münaqişələri özünün Ermənistan ərazisindəki uzun müddətli enerji və kommunikasiya layihələrinə maneə hesab edir.
2. Ermənistan riskli, şübhəli oyunlardan imtina etməlidir. Başqa sözlə, İran Ermənistanı eyni vaxtda həm NATO, həm Rusiya ilə əməkdaşlıq etmək cəhdlərini görür. İran yalnız icazə verdiyi həddə Ermənistanın NATO və ya İsraillə əməkdaşlığına dözə bilər.
İranın Ermənistanda hətta Rusiyanın maraqlarına dözməsi getdikcə çətinləşir.
Ermənistanın müxtəlif geosiyasi qütblərlə apardığı mübarizənin kəskinləşməsinin indiki dövrə düşməsi İranın Ermənistan üzrə siyasətində tələskənliyin əsas mənbəyidir. Ermənistan İranla belə qaydalar əsasında siyasət aparmağa hazır deyil. Bu, artıq Ermənistan üçün əlavə gərginlik yaradacaqdır. Çünki Ermənistan İranın xeyirxah münasibətlərini, sərfəli layihələrini dəfələrlə reallaşdıra bilməyib. İran isə indiki variantı ortalığa qoymazdan əvvəl Ermənistan cəmiyyətini xeyli tədqiq edib. İranın Ermənistan üçün yaratdığı gərginliyi nəinki ABŞ, hətta Rusiya çətinliklə azalda biləcəklər. Xüsusi olaraq qeyd edək ki, İranın yeni ortalığa qoyduğu dəmir yolu layihəsi Mehri dəmir yolunun fəaliyyətə başlaması üzərində qurulub".