“Əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq” Siyasət

“Əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq”

Prezident İlham Əliyev: "Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir, bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir"

"Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır. Əgər dünyada bu iki əsas aparıcı tərəqqi və inkişaf elementinə riayət olunsa, nə müharibə, nə işğallar, nə də ədalətsizlik olar".
APA-nın verdiyi xəbərə görə, bunu prezident İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündə deyib. İlham Əliyevin sözlərinə görə, Azərbaycanda müxtəlif xalqlar və müxtəlif dinlərə mənsub insanlar sülh və əməkdaşlıq şəraitində yaşayır: "Buna görə də siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində çörəyini yedikləri Azərbaycan xalqına qarşı müstəsna naşükürlük göstərdilər".
Dövlət başçısı çıxışında müharibə nəticəsində Azərbaycan ərazilərinin işğal altına düşdüyünü, vətəndaşların öz doğma ocaqlarını tərk etməyə məcbur olduqlarını qeyd edib: "Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal davam edir. Buna görə də mən deyəndə ki, beynəlxalq təşkilatların qərarları kimliyindən asılı olmayaraq, hamı tərəfindən yerinə yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını nəzərdə tuturam. Bəs əslində necə olur? Bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcək: "Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik".