Bakıda yeni əsrin müqaviləsi imzalanıb Siyasət

Bakıda yeni əsrin müqaviləsi imzalanıb

Prezident İlham Əliyev: "Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır."

Dünən Bakıda "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG)) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimi keçirilib.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, xarici şirkətlərin nümayəndələri iştirak ediblər.
Mərasimdə nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür: "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır".
Dövlət başçısı qeyd edib ki, Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG)) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin ölkəmiz üçün böyük əhəmiyyəti var: "Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. "Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var".

"Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir"

Prezident İlham Əliyev 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə anarxiya yaşandığını xatırladıb.
Prezident İlham Əliyev əlavə edib ki, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayıb: "Bununla yanaşı, Ermənistan torpaqlarımızın böyük hissəsini işğal etmişdi. Belə ağır vəziyyətdə xalq Heydər Əliyevi dəvət etdi".
Dövlət başçısı deyib ki, o dövrdə xarici investorları cəlb etmək tarixi nailiyyət idi: "Bu, böyük məharət tələb edirdi. İndi Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir. Ölkəmizin gələcək inkişafı üçün siyasi, iqtisadi və ya başqa maneə yoxdur. Ölkəmiz bundan sonra uğurla inkişaf edəcək. Bu potensialın formalaşmasında "Əsrin müqaviləsi"nin böyük rolu var. Biz müstəqil siyasət aparan, heç kimdən asılı olmayan ölkəyik. Bu, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanı da bizə "Əsrin müqaviləsi" yaratdı".
Dövlət başçısı bildirib ki, "Səngəçal" dünyada ən böyük neft-qaz terminalıdır: "Azərbaycanda neft platformaları tikilir. Bunlar "Əsrin müqaviləsi"nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. "Şahdəniz", Cənub Qaz Dəhlizi layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq".
Dünyada ilk dəfə quruda sənaye üsulu ilə Azərbaycanda neft quyusu qazıldığını, dənizdə ilk dəfə neft çıxarıldığını nəzərə çatdıran prezident İlham Əliyev uğurların əldə olunmasında Azərbaycan neftçilərinin böyük xidmətləri olduğunu söyləyib.
ARDNŞ-də 9 il çalışmış şəxs kimi həm də özünü neftçi hesab etdiyini bildirən dövlət başçısı qarşıdan gələn peşə bayramı münasibəti ilə neftçiləri təbrik edib.

"Neft Fondunun gəlirləri və xərcləri şəffafdır"

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla BP arasında 23 il ərzində çox faydalı əməkdaşlıq formalaşıb: "SOCAR-la BP arasında çox səmərəli əməkdaşlıq mexanizmi yaranıb".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılması ilə əlaqədar başqa şirkətlə də müqavilə imzalaya bilərdi: "Ancaq BP və "Əsrin müqaviləsi"ndə iştirak edən digər şirkətlərlə uğurlu əməkdaşlıq etdiyimiz üçün belə bir seçim edildi".
Prezident İlham Əliyev bildirib ki, neft başağrısı da gətirə bilər: "Dünyanın neftlə zəngin olan müxtəlif ölkələrində müşahidə olunan mənzərə də bunu göstərir. Bizim əsas məqsədimiz isə neft gəlirlərini insan kapitalına çevirmək idi və buna nail olmuşuq. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 11 min km-dən çox yolun inşa edilməsi neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə ilə bağlıdır. Neft Fondundan ayrılan vəsaitlə 250 min məcburi köçkünü 100-dən artıq qəsəbədə mənzillə təmin etmişik. Neft Fondunun gəlirləri və xərcləri şəffafdır. Parlament büdcəni təsdiqləyərkən Neft Fondunun vəsaitlərindən istifadəni də müəyyən edir".
Dövlət başçısı qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı "Əsrin müqaviləsi"nin nəticələrini öz həyatında görür: "Bu gün yeni sənədin Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzində imzalanması rəmzi məna daşıyır. 23 il əvvəl Heydər Əliyevin səyi ilə "Əsrin müqaviləsi" imzalanmışdı. İmzalanan sənəd göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq".

"Türkiyə Azərbaycanın önəmli ortağı olmağa davam edəcək"

Mərasimdə çıxış edən Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak bildirib ki, Avropa İttifaqının ideyası olsa da, Cənub Qaz Dəhlizi layihəsini həyata keçirən məhz Azərbaycan və Türkiyə olub.
Berat Albayrak deyib ki, gələn il TANAP-ın fəaliyyətə başlaması tarixi hadisə olacaq: "2019-cu ildə TANAP TAP-la birləşəcək və Avropa üçün 4-cü strateki qaz mənbəyinə çevriləcək. Azərbaycan və Türkiyənin birliyi Avropa üçün önəmli nümunədir. Gələn il TANAP ilə 16 milyard kubmetr qaz ixrac olunmağa başlayacaq".
Türkiyəli nazir bildirib ki, "Türk Petrolları" (TP) şirkəti xaricdə ilk sərmayəni məhz Azərbaycana qoyub: "TP "Şahdəniz" layihəsində 19 faizlə layihənin ikinci ən böyük sərmayədarıdır. TP bu gün sazişə imza ataraq, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində iştirakını 2049-a qədər uzadacaq. Biz enerjinin sülh və sabitliyə xidmət etməsini arzulayırıq. Bu çərçivədə Türkiyə-Azərbaycan əməkdaşlığı gələcək üçün önəmli bir nümunədir. Türkiyə Azərbaycanın önəmli ortağı olmağa davam edəcək, TP Azərbaycandakı sərmayələrini artıracaq. Bu gün imzalanacaq tarixi sazişin Azərbaycan və tərəfdaşlığı üçün faydalı olmasını arzu edirəm".
Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktunu da mərasim iştirakçılarının diqqətinə çatdırıb. Məktubda deyilir: "Dəyərli qardaşım. Hörmətli tədbir iştirakçıları. Sizi ən səmimi duyğularla və hörmətlə salamlayıram.
"Əsrin müqaviləsi" olaraq adlandırılan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin 2050-ci ilə qədər uzadılmasının ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm.
1994-cü il sentyabrın 20-də Azərbaycan ilə "Türkiyə Petrolları" şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında imzalanan müqavilənin uzadılmasını təmin edən Zati-aliləri cənab Prezidenti və bütün aidiyyəti şəxsləri ürəkdən təbrik edirəm.
Bu tarixi müqavilə və 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftinin hasilatına və dünya bazarına təhlükəsiz şəkildə nəqlinə imkan yaradıb.
Beləliklə, başda Azərbaycan olmaqla bütün bölgənin sabitliyinə, inkişafına, strateji mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verilib.
Şübhəsiz ki, bu layihə beynəlxalq və regional səviyyədə həyata keçiriləcək səmərəli əməkdaşlığın ən gözəl nümunələrindən biridir.
Azərbaycan neftinin Türkiyədən keçərək dünyaya çatdırılması ilə başlayan əməkdaşlıq prosesi "Şahdəniz-1" və Bakı-Tbilisi-Ərzurumtəbii qaz boru kəməri layihələri ilə daha da dərinləşib.
Sonda, "Şahdəniz-2" və gələn il açılışını edəcəyimiz Trans-Anadolu təbii qaz boru kəməri, inşallah, bu əməkdaşlığımızın zirvəsi olacaq.
"Bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, gələcəkdə də xüsusilə enerji sahəsində həmrəy şəkildə addımlayacaqlar. Bu münasibətlə dəyərli dostum Prezident İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarıma ən dərin sevgilərimi çatdırıram".

"Azərbaycan qazının Avropaya ixracı başlayacaq"

Böyük Britaniyanın baş naziri Tereza Meyin təbrik məktubunu isə Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan oxuyub.
Təbriki oxumazdan öncə Alan Dunkan Azərbaycanın tərəqqisinin şahidi olduğunu, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyini söyləyib.
Tereza Meyin təbrikində isə bildirilir ki, bu gün imzalanan saziş Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir: "Azərbaycan müstəqillik qazandıqdan sonra "Əsrin müqaviləsi"nin imzalanması ilə ilk dəfə Xəzərdə resurslarından istifadə etmək imkanı qazanıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan öz neftini dünyaya ixrac edib. 2020-ci ildə isə Azərbaycan qazının Avropaya ixracı başlayacaq. Mən üzr istəyirəm ki, bu sazişin imzalanması mərasimində - Bakıda ola bilmirəm. Ancaq əminəm ki, bu kontrakt əməkdaşlığımızı daha da gücləndirəcək".

40 milyard dollardan çox sərmayə...

Mərasimdə çıxış edən BP prezidenti Robert Dadli bildirib ki, "Əsrin müqaviləsi" Heydər Əliyevin əməyinin bəhrəsidir və yeni həyat məhz o dövrdən başlayın.
Robert Dadli deyib ki, bu, tərəfdaşlığın yeni səhifəsini açacaq: "Biz saziş çərçivəsində 40 milyard dollardan çox sərmayə qoyaraq əməkdaşlığımıza davam edəcəyik. Biz bu günlərdə böyük əhəmiyyət daşıyan "Xankəndi" gəmisini istismara verdik. Bizim Azərbaycan qarşısındakı öhdəliklərimiz nəhəng platformalarla, gəmilərlə bitmir. Biz təhsilə də dəstək verir, bu sahədə layihələr həyata keçiririk. Eyni zamanda regionlarda biznesə dəstək verməklə icmaların inkişafını dəstəkləyirik. Biz Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələrinə dəstək verir. Bizim əməkdaşlıq uğurla davam edəcək".
Çıxışlardan sonra "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb.
Sazişi BP, SOCAR, "Chevron", "Inpex, "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh Ltd." OVL şirkətlərinin rəhbərləri imzalayıblar.
Daha sonra prezident İlham Əliyevlə birgə foto çəkilib.