“Döyüş ruhumuz ən yüksək səviyyədə olmalıdır” Siyasət

“Döyüş ruhumuz ən yüksək səviyyədə olmalıdır”

"Gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub". Bunu deputat, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirib. Onun sözlərinə görə, ən vacib məsələ isə digər sahələr kimi gənclər siyasətində də dövlətin peşəkar, sistemli yanaşması müşahidə olunur: "...Ölkəmizdə gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi mövcuddur. Ötən dövr ərzində nazirlik kifayət qədər samballı fəaliyyət göstərib. Bundan başqa Azərbaycan Prezidenti yanında Gənclər Fondu da dövlət gənclər siyasətinin həyata keçirilməsində olduqca böyük rola malikdir...". Millət vəkili onu da qeyd edib ki, indiyə qədər gənclər siyasətinə dair bir sıra proqramlar qəbul olunub: "Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yardıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formlaşmasına töhvə verməklə çox geniş spektrı əhatə edib. Konkret misallarla desək ötən proqramların nəticəsi kimi biz Gənclər Fondunun yaradılmasını, Virtual Qarabağ İKT mərkəzinin fəaliyyətə başlamasını, Gənclər Evləri şəbəkəsinin regionlarda və paytaxtda işə düşməsini, Azərbaycan Tələbə Kartınının ərsəyə gəlməsini, Azərbaycan Gənclər Paytaxtının təsis olunması və s. göstərə bilərik. Belə misallar yüzlərlədir. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanıb. Proqramların nəticəsi olaraq yeni-yeni gənc liderlər yaranmış və onlar bu və ya digər sahədə Azərbaycan dövlətinə, o cümlədən gəncliyimizin inkişafına bu gün də töhvə verməkdədirlər". Şahin İsmayılov onu da diqqətə çatdırıb ki, hazırda Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir: "Biz bunun ən yaxşı nümunəsini ötən ilin aprel döyüşlərində gördük. Biz müharibə şəraitində yaşayırıq. Buna görə daim döyüş ruhumuz, vətənə bağlılığımız, tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə olmalıdır. Azərbaycanının qədim dövlətçilik ənənələri və zəngin mədəni tarixi var. Bu tarixin və mədəniyyətin təbliği üçün Azərbaycan gəncliyi bütün imkanlarından istifadə edir. Təbii ki, gəncliyimizin belə vətənpərvər ruhda yetişməsinin ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti ilə birbaşa bağlılığı var". Millət vəkili onu da deyib ki, gənclərimiz beynəlxalq müstəvidə ölkəmizi layiqli şəkildə təmsil edə bilirlər: "Azərbaycan gəncləri il ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak edirlər. Gənclərimiz beynəlxalq platformalarda özlərinin xarici həmkarları ilə nəinki baş-başa mübarizə apara bilir, bəzi hallarda isə onları üstəliyə bilirlər. Ötən dövr ərzində Azərbyacanda kifayət qədər savadlı, geniş dünyagörüşlü gənclik formalaşmışdır. Sevindirici tərəf ondan ibarətdir ki, gənclərimiz xaricdə yalnız müxtəlif tədbirlərdə iştirak etmirlər, eyni zamanda onlar müxtəlif beynəlxalq təşkilatların idarə heyətində də yer alırlar. Bu gün onlarla Azərbaycan gənci bir sıra beynəlxalq təşkilatların idarə heyətlərinin üzvləridirlər. Onlar artıq dünyanın müxtəlif regionlarında bu və ya digər siyasətin formalaşmasında birbaşa iştirak edirlər. Əminəm ki, qarşıdakı illərdə daha çox Azərbaycan gənci beynəlxalq platformalarda təmsil olunacaq".