“Pirr qələbəsi” Siyasət

“Pirr qələbəsi”

Yaxud KTMT Minsk qrupu obrazında

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin Brüssel sammitinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Kiyevdə keçirilən toplantısının bəyannamələrində dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərinin birmənalı şəkildə dəstəklənməsi İrəvanı çətin vəziyyətə salıb. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və digərləri dövlətlərin ərazi bütövlüyü ilə bağlı hər iki bəyannamədə yer alan prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsir göstərməyəcəyini bildirirlər. Onların qənaətinə görə, Ermənistan üçün önəmli olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının dekabrın 1-də Minskdə keçirilən toplantısının bəyanatıdır. Ermənistan KTMT Təhlükəsizlik Şurasının bəyanatını rəsmi İrəvanın qələbəsi kimi təqdim edir.
Maraqlıdır, görəsən KTMT TŞ-nin bəyanatında Dağlıq Qarabağ münaqişəsnin tənzimlənməsi ilə bağlı hansı yeniliklər yer alıb ki, rəsmi İrəvan buna görə toy-bayram əhval-ruhiyyəsində olduğunu sərgiləməyə çalışır?
Məsələyə aydınlıq gətirmək üçün KTMT TŞ-nin bəyanatına nəzər salaq:
"Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə həllinin vacibliyini bir daha təsdiq edən KTMT Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nuzamnaməsi və Helsinki Yekun Aktının güc tətbiq etməmək, yaxud güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ ilə bağlı müddəaları əsasında tənzimlənməsi istiqamətində səylərini dəstəkləyir".
KTMT-nin bəyanatında eyni zamanda qeyd olunur ki, təşkilat Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 2016-2017-ci illərdə Vyana, Sabkt-Peterburq və Cenevrədə keçirilən zirvə toplantılarında vəziyyətin gərginləşdirilməməsi, atəşkəs rejiminin qorunması, münaqişə bölgəsində gərginliyin azaldılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi və deanışıqlar prosesinin intensivləşməsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir...
Vəssalam! Ermənistananın "qələbə" kimi təqdim etdiyi bu bəyanatda işğalçı ölkənin toy-bayram etməsinə əsas verən nəinki müddəa, söz belə yoxdur. Yəni KTMT-nin bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrlərinin son illər ərazində qəbul etdiyi bəyanatların surətindən başqa bir şey deyil.
Təbii ki, dövlətlərin ərazi bütövlüyünün qorunmasının vacibliyi ilə Avropa İttifaqı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının məlum bəyannamələrindən sonra belə bir bəyanat ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilsəydi, bəlkə də müharibə təhlükəsi qarşısında yuxularını qaçıran İrəvan rejiminin toy-bayram etmək cəhdlərini başa düşmək olardı. Amma bu bəyanatı Ermənistanın da təmsil olunduğu hərbi-siyasi ittifaq – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı verib. Məsələ orasındadır ki, KTMT hərbi alyansdır, hansısa regional iqtisadi əməkdaşlıq və yaxud sadəcə əməkdaşlıq təşkilatı deyil. Məntiqlə Ermənistanın hərbi-siyasi müttəfiqləri ona açıq şəkildə dəstək verməliydilər. Amma göründüyü kimi bəyanatda belə bir dəstək yoxdur, KTMT üzvləri isə neytral mövqe sərgiləməyə çalışırlar.
Bu isə o deməkdir ki, Ermənistanın Brüssel və Kiyev fiaskosundan sonra KTMT-dən gözləntiləri də özünü döğrultmayıb. KTMT-nin bəyanatı isə ən yaxşı halda "pirr qələbəsi"ndən başqa bir şey deyil.

Elçin Mirzəbəyli