“Bu qərarla Ermənistanın işğalçılığını və vəhşiliyini təsdiqlədilər” Siyasət

“Bu qərarla Ermənistanın işğalçılığını və vəhşiliyini təsdiqlədilər”

"Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının "Çıraqovlar və digərlərinin Ermənistana qarşı" işi üzrə qərarı məndə ikili hiss yaratdı". Bunu millət vəkili, politoloq Sahib Alıyev öz facebook səhifəsində qeyd edib. O bildirib ki, can verə-verə, süründürə-süründürə olsa da, bu qərarla Ermənistanın işğalçılığını və vəhşiliyini təsdiqlədilər: "Şikayət ərizəsi verən 6 azərbaycanlının evlərini dağıdılmasında, mülklərinin yağmalanmasında, onların yurd yerlərindən didərgin salınmasında haylar suçlu bilinir. Axır ki. Ancaq baxın, bütün bu vəhşiliklərin qarşılığında içğalçıdan tələb olunan təzminatın həcmi nə qədərdir-5 min avro. Təsəvvür edirsinizmi, Ermənistan evini dağıtdığı, mülkünü yağmaladığı, yurdundan didərgin saldığı, min bir zillətlə üzləşdirdiyi həmən 6 azərbaycanlının hər birinə cəmi 5 min avro ödəməlidir?! Cəmi 5 min avro... Görəsən, bizim "siyasi dustaq" adlandırılanların şikayətinə gələndə, nədən həmən bu Avropa İnsan Haqları Məhkəməsi görünməmiş operativlik sərgiləyir və kəsdiyi cərimələr də, Ermənistandan tələb ediləndən dəfələrlə artıq olur".