“Dünyada erməni qruplaşmaları və onları dəstəkləyən siyasətçilər var” Siyasət

“Dünyada erməni qruplaşmaları və onları dəstəkləyən siyasətçilər var”

Fuad Muradov: "Böyük Ermənistan xülyası ilə yaşayanların olduğunu hər kəs bilir"

"...Biz məsələlərə qlobal baxmalıyıq. Azərbaycan balaca bir ölkədir. Amma balaca ölkə olmasına baxmayaraq, Azərbaycanın həm coğrafiyası, həm qonşuları ilə olan münasibəti, enerji potensialı olan ölkə kimi bir çox qütblərdə maraq doğurub". Bunu Milli Məcisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib. O deyib ki, bu gün ola bilər ki, Azərbaycana qarşı təhdidləri fiziki olaraq açıq görmürük, amma beynəlxalq təşkilatlar vasitəsilə edilən təhdidlər ikiqat artıb: "Bizi tənqid edənlərin bir məqsədi var. Bəzi məqamları açıq deyə bilmirik, amma başa düşürük ki, Azərbaycanın 15 il əvvəl həyata keçirdiyi enerji və nəqliyyat layihələrini bəzi dövlət indi etməyə başlayır. Dünyada erməni qruplaşmaları və onları dəstəkləyən siyasətçilər var. Bu artıq aydın məsələdir. Böyük Ermənistan xülyası ilə yaşayanların olduğunu hər kəs bilir. Artıq İspaniyada, Kataloniya ətrafında baş verənlər onu göstərir ki, bu təhdid təkcə Azərbaycan üçün deyil, bütün sivil Avropa ölkələri üçün də böyük problem yaradıb. Biz bu təhdidlərə cavab veririk və təhdidlərdən qorxmuruq. Azərbaycan xalqının iradəsi Prezident İlham Əliyevə imkan verir ki, böyük problemlərdən Azərbaycanı sığortalasın. Azərbaycanın siyasi rəhbərliyi xalqın mənafeyini qoruyaraq işlər həyata keçirir. Azərbaycan hökumətinin yürütdüyü elə bir siyasət yoxdur ki, orada Azərbaycan xalqının mənafeyi nəzərə alınmasın. Prezident İlham Əliyev bunu çox yaxşı həyata keçirir. Ona da bu işdə əsas dəstəyi xanımı Mehriban Əliyeva verir. Bizim düşüncəmiz öz ölkəmizi qorumaqla bağlı olmalıdır, yoxsa kimsə haqqımızda nəsə deyirsə, onların fikrinə əsaslanaraq hansısa hərəkəti edə bilmərik. Təbii ki, məsləhətləri dinləyirik, amma onun həyata keçirilməsi zamanı Azərbaycan xalqının milli maraqlarını nəzərə alırıq. Azərbaycan elə layihələr həyata keçirir ki, böyük ölkələr bunu 20-25 ildir həyata keçirə bilmir. İstər tranzit layihələri, istərsə də nəqliyyat layihələri misal ola bilər".
Onun sözlərinə görə, bəzi beynəlxalq təşkilatların Azərbaycan hökumətinə iradları həmin təhdidlərin tərkib hissəsi kimi başa düşülür: "Dünya dəyişib. Hansısa iradlar bildirilirsə, bu məsələ dövlət qurumları ilə müzakirə olunur. Kimsə ideal deyil ki... Müəyyən çatışmazlıqlar bizdə də var. Bu istiqamətdə işlər davam etdirilir. Bu gün isə müstəvi dəyişib, artıq özlərinin yaratdıqları "qeyri-hökumət təşkilatları" müxtəlif mövqelərdən çıxış edirlər. Onlara elə şərait yaradırlar ki, hətta beynəlxalq təşkilatlardan da nüfuzlu görünürlər. Beynəlxalq təşkilatlar - Avropa Şurası, ATƏT, BMT fikirlərini həmin qeyri-hökumət təşkilatlarının dili ilə deyirlər. Dərinə getsək, görərik ki, bütün bu məsələlərin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır. Bilirik ki, Azərbaycana qarşı olan beynəlxalq təşkilatın arxasında kim və kimlər durur. Demiriksə, o demək deyil ki, bilmirik. Başa düşürük ki, bunlar Azərbaycana qarşı qurulan oyunlardır. Beynəlxalq təşkilatlar bəzən oyun qaydalarını kobudcasına pozur. Vaxtaşırı onları başa salırıq ki, oyun qaydalarını poza bilməzlər. Belə etməklə Azərbaycan xalqına, dövlətinə qarşı gedirlər. Bu, hansısa nöqsanla bağlı deyil. Onlar Azərbaycanla əmr şəklində danışa bilməzlər. Bilirik ki, onların dedikləri məsələlərin bir çoxu Azərbaycan xalqının mənafeyinə uyğun deyil".