Lavrovla ATƏT sədri Dağlıq Qarabağ münaqişəsindən danışıblar Siyasət

Lavrovla ATƏT sədri Dağlıq Qarabağ münaqişəsindən danışıblar

"Bizim birgə səylərimizlə ATƏT Dağlıq Qarabağda münaqişənin həllinə töhfə verməyə davam edəcək".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı ATƏT sədri ilə görüşdə ATƏT məkanındakı münaqişələri müzakirə etdiklərini söyləyib: "Bizim birgə səylərimizlə ATƏT Dnestryanıda, Dağlıq Qarabağda münaqişələrin qarşısını almağa töhfə verməyə, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı Cenevrə müzakirələrinə sədrlik etməyə davam edəcək.
ATƏT eləcə də, Balkanlarda işləməyə davam edəcək. Hər şeydən öncə biz ATƏT-in Kosovoda aktiv rol oynamasını görmək istəyirik"
"ATƏT həlli gecikmiş münaqişələrin həllinə yardım etməyə davam edəcək". Bu sözləri isə ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano deyib.
O, rusiyalı həmkarı ilə keçirilən görüşdə ATƏT regionundakı münaqişələri müzakirə etdiyini vurğulayıb.
Rusiyanın regiondakı münaqişələrin nizamlanmasında oynadığı rola toxunan ATƏT sədri bildirib ki, Rusiyanın həlli gecikmiş münaqişələrin nizamlanmasında çox vacib, böyük rol oynayır: "ATƏT bu münaqişələrin həll olunmasına yardım etməyə davam edəcək".
"Hesab edirik ki, təşkilati dəstəyin bütün formaları məqsədə çatmaq üçün xeyirlidir"-deyən Ancelino Alfano bildirib ki, burada söhbət müsbət addımdan gedir:"Deyə bilərəm ki, buna qədər görülən işlər, bundan sonra da görüləcək işlər Helsinki yekun aktına müvafiqdir. Hesab edirəm ki, həmkarım Lavrovun bu istiqamətdə aktiv fəaliyyəti münaqişənin nizamlanması prosesini sürətləndirəcək. Minsk qrupuna bütün dəstəyimizi göstərəcəyik. Bununla belə hesab etmirik ki, bu, yeganə mümkün formatdır. Mövqeyimiz bizdən əvvəl ATƏT-ə sədrlik edən ölkənin siyasətini davam etdirməkdən ibarətdir. Güman edirəm ki, bu, ədalətlidir".
Sonra Lavrov bunları əlavə edib:"Burada söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏTsədrinin fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində ATƏTmüşahidəçilərinin sayının artırılmasından gedir".
Onun sözlərinə görə, hələ 2010-cu ilin əvvəlində bu zonada etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı danışıqlar aparılıb: "2016-cı ilin aprelində təmas xəttində baş verən məlum insidentdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü təşkil olundu, həmin ilin iyununda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu görüşlərdə inamın möhkəmləndirilməsi ilə bağlı konkret addımlar atılması razılığı əldə olundu. Bu razılığa əsasən, təmas xəttində ATƏT-in müşahidə missiyasına 6-7 nəfər əlavə olunmalı idi. İndiyə kimi bu işlər aparılıb. Ümid edirik ki, bu razılığın həyta keçirilməsini ATƏToperativ şəkildə edəcək".
S. Lavrov qeyd edib ki, təmas xəttində ATƏT müşahidə missiyasının sayının artırılmasının münaqişənin əbədiləşdiriməsinə və münaqişənin siyasi həll yolundan məhrum olunmasına bəhanə olacağı ilə bağlı fikirlər eşidir: "Yəqin ki, bu mövqedən çıxış etmək lazımdır ki, bütün münaqişələrin - fərqi yoxdur, Qarabağda, ya da Donbasda olsun - təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və siyasi nizamlanma prosesi paralel aparılmalıdır. Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əldə etdikləri razılaşma həyata keçiriləcək".