Gürcüstan prezidenti azərbaycanlla görüşüb Siyasət

Gürcüstan prezidenti azərbaycanlla görüşüb

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Bolnisidə "Gürcü dilini öyrənirik" proqramının azərbaycanlı iştirakçıları ilə görüşüb.
Proqram Gürcüstan prezidentinin ehtiyat fondunun dəstəyi ilə 2015-ci ildən etibarən Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (TDU) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Görüşdə çıxış edən Gürcüstan prezidentinin etnik azlıqların məsələləri üzrə müşaviri Sofio Şamanidi proqramın uğurları barədə danışıb: "Proqram çərçivəsində etnik azlıqların yaşadığı Kvemo Kartli, Kaxeti, Samtsxe-Cavaxeti bölgələrində və Tbilisidə TDU-nun professor və müəllimləri, magistr və doktorantları etnik azlıq nümayəndələrinə dövlət dilini və konstitusiyanın əsaslarını öyrədir".
Marqvelaşvili çıxışında deyib ki, bir şəxsin inkişafı üçün dil baryeri olmamalıdır: "Dövlət dilini öyrənməklə siz öz imkanlarınızı artırır və Gürcüstanın potensialını möhkəmləndirirsiniz. Sizin uğurunuz ölkənin uğurudur. Gürcü dili ilə yanaşı, siz Konstitusiyanın əsaslarını da öyrənmisiniz. Siz Gürcüstan vətəndaşlarısınız və ölkənin gələcəyini formalaşdırırsınız".
Qeyd edək ki, "Gürcü dilini öyrənirik" prezident proqramı çərçivəsində 2015-2017-ci illərdə Gürcüstanın 3 bölgəsinin 79 kəndində tədris aparılıb. Üç il ərzində kurslarda 6688 nəfər iştirak edib və onların təxminən 80%-i müvafiq sertifikat alıb.