“Türkiyənin bölgədə güclənməsi...” Siyasət

“Türkiyənin bölgədə güclənməsi...”

Natiq Miri: "İranın geosiyasi maraqları baxımından arzuedilməz hesab edilir"

"Iran dövlət adamları, siyasətşünasları bu məsələni ciddi şəkildə araşdırsalar, regionda gələcəkdə bu ölkəyə qarşı olan planın qarşısında Türkiyənin regionda apardığı əməliyyatların dayandığını anlayar. ABŞ Fərat çayının şərqində terror dövlətini yaratmaqla gələcəkdə İranı nəzarətdə saxlamaq istəyir ki, bununla da İranın ərəb ölkələrinə çıxışının qarşısını birmənalı olaraq almağa çalışır". Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri İranın Türkiyənin Suriyada keçirdiyi anti-terror əməliyyatını dayandırmasının zəruriliyi ilə bağlı yeni açıqlama ilə çıxış etməsinə münasibət bildirərkən belə deyib: "Məhz həmin sərhədlər boyunca İran Livana gedən yolu tamamilə açmaq və bununla da gələckdə İsrailə qarşı böyük təhlükə yaratmaq niyyətindədir. Bu konteksdə İran Suriya ərazisində fəaliyyətə başlayıb. Bir neçə hərbi baza yaratmaqla Livan dövlətində də bəzi raket növlərinin istehsalına start verib. Bu da İsrail dövləti və onun havadarı olan ABŞ-ı ciddi narahat edir. Bir müddət əvvəl İran pilotsuz aparatının İsrail tərəfindən vurulması və buna cavab olaraq İsrailin F-16 qırıcısının Suriya ərazisində vurulması tərəfləri qarşı-qarşıya gətirir. Bu konteksdə bir də Türkiyənin bölgədə terror dövlətinin formalaşmasını önləyən "Zeytun budağı" əməliyyatını düşünün. İranın gələcəkdə etmək istədiklərini Türkiyə bu gün etməklə həm ABŞ-ın, həm də İsrailin regiondakı planlarının üstündən xətt çəkir. İran isə fərqli düşünür. Düşünür ki, onun bu günə qədər Suriyada əldə etdiyi uğurları Türkiyə bir əməliyyatla yox edəcək və gələcəkdə ola bilsin ki, Suriyanın şimalında, Fəratın şərq sahillərindəki neft və qaz yataqlarına iddia edəcək. Türkiyənin bu bölgədə güclənməsi İranın geosiyasi maraqları baxımından da arzuedilməz hesab edilir. İranın ən böyük yanlışı da budur. Halbuki, İran təkbaşına regionda ABŞ-a qarşı çıxa bilmir. Son günlərdə İran quru qoşunlarının da dəstəklədiyi PKK-YPG güclərinə qarşı əməliyyat keçirildi. Bu əməliyyata Rusiyanın muzdlu döyüşçüləri də dəstək verdi. Bu əməliyyat zamanı ABŞ qırıcılarının zərbəsi nəticəsində Rusiya, İran və Suriyadan olmaqla yüzlərlə döyüşçü məhv edildi. Verilən itkilər o qədər böyük olmuşdu ki, bunu nə Rusiya, nə İran, nə də Suriya rəsmi olaraq etiraf edə bilmədi. Bu gün bütün bunların fonunda ABŞ-ın qarşısına çıxa bilməyən Rusiya və İranın regionda görməli olduğu işi Türkiyə Azad Suriya Ordusu ilə birlikdə görür. Ancaq təəssüf ki, türk düşməni olan bəzi güc mərkəzləri hələ də ictimai rəydə anti-Türkiyə imici formalaşdırmağa çalışır. Bu isə təbii ki, yanlışdır".