“Münasibətlər bütün sahələrdə inkişaf edir “ Siyasət

“Münasibətlər bütün sahələrdə inkişaf edir “

Türkiyə və Azərbaycan arasında münasibətlər bütün sahələrdə inkişaf edir, qardaş ölkənin Prezidenti İlham Əliyevin Ankaraya səfəri də bunun təsdiqidir.
Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri çox səmərəli və vacib oldu:
"Qardaş ölkənin Prezidenti İlham Əliyev aprelin 11-i təkrar dövlət başçısı seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə etdi. Türkiyə və Azərbaycan dövlət başçılarının seçkilərdən sonra bu cür səfərləri ənənəyə çevrilib".
N.Ünüvarın sözlərinə görə, Türkiyə və Azərbaycan arasında bütün sahələrdə möhkəm əlaqələr var:
"Bununla yanaşı, iki ölkənin xalqları bir-birinə çox yaxındır. Birgə mətbuat konfransı zamanı prezidentlər Bakı ilə Ankara arasında münasibətlərin vacibliyini vurğulayıb".
N.Ünüvar əlavə edib ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bu ölkəyə dəstək olub:
"Çevriliş cəhdi zamanı, parlament atəşə tutulanda Türkiyəyə ilk zəng edən Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın digər şəxsləri olub".