Cocuq Mərcanlıya ikinci köçdə bəzi problemlərin səbəbləri Siyasət

Cocuq Mərcanlıya ikinci köçdə bəzi problemlərin səbəbləri

Cəbrayıl rayonunun erməni işğalından azad edilən Cocuq Mərcanlı kəndinə ikinci köç davam edir.
Bu barədə məlumat verən Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov bildirib ki, ilkin olaraq Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb:
"Bakıdan köçürülən 23 ailəyə order verilib. Onlardan 22 ailə artıq köçüb, 1 ailə də bu günlərdə köçəcək. Birinci köç zamanı kəndə qayıdanların hamısına order verilib".
X.Zeynalovun sözlərinə görə, növbəti mərhələdə Biləsuvarda məskunlaşan 45 məcburi köçkün ailəsinin köçürülməsinə başlanacaq.
Kənd nümayəndəsi bildirib ki, ümumilikdə 100 ailənin köçürülüməsi nəzərdə tutulsa da, köçənlərin sayında fərq yaranma ehtimalı var:
"Bu da mübahisəli məsələlərdir. Çünki bəzi köçkünlər həm "Qaçqınkom" tərəfindən verilən və hazırda yaşadıqları evi təhvil vermirlər, həm də kənddə də mənzilə sahib olmaq istəyirlər. Qərara görə, dövlət tərəfindən məcburi köçkün ailəsinə bir mənzil verilə bilər. Yəni bu kimi məsələlər olur və yerində araşdırılaraq, həll edilir".
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Cocuq Mərcanlıda daha 100 fərdi ev inşa edilib. Burada 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektləri tikilib. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətləri çəkilib. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Birinci mərhələdə qəsəbədəki evlərə 2017-ci ilin iyul ayında Cocuq Mərcanlı kəndindən olan müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.