Lavrov yenə ikibaşlı danışdı Siyasət

Lavrov yenə ikibaşlı danışdı

"Dağlıq Qarabağ münaqişəsinin tərəfləri konsensusa gəlsə, münaqişənin həlli uzaqda olmayacaq"

"BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub".
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov BMT baş katibi Antonio Quterreşlə birgə keçirdiyi mətbuat konfransında BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi ilə bağlı suala cavabında deyib.
Sergey Lavrov bildirib ki, bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən Rusiya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib: "Hər kəsin razılığı ilə Minsk qrupu yaradıldı və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq. Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ ilə birlikdə rəsmi Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üçün bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir və biz bu istiqamətdə irəliləyən kimi, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq".