İrəvanı “İkinci Aprel” gözləyir: ağır zərbə olacaq Siyasət

İrəvanı “İkinci Aprel” gözləyir: ağır zərbə olacaq

Azərbaycan helikopterləri Ermənistanda qorxu yaratdı

"Azərbaycan lideri parada qədər dəfələrlə Ermənistana xəbərdarlıq edib və ərazi bütövlüyümüzün bərpasına nail olacağını bəyan edib". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimindəki nitqini şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Azərbaycan diplomatiyasının təməlinin arxasında güclü hərbi texniki potensialın olması Bakının Qarabağ probleminə çox düşünülmüş və ağıllı bir tərzdə yanaşdığını ortaya qoyur:"Biz bir daha böyük hərbi quruculuq proqramının zəfərinin şahid olduq. Azərbaycan Ordusunun texnoloji təchizatı çox yüksək səviyyədədir. Bunu paradda iştirak etmiş digər dövlətlərin hərbi attaşe və mütəxəssisləri də öz gözləri ilə gördülər. Azərbaycan güclü tərəf olaraq Ermənistana şans verir ki, İrəvan bu ağrılı və təhlükəli yoldan dönüb, aydın bir qərara gəlsin və Bakı ilə dialoqu bərpa etsin. Prezidentin nitqindəki tezislər çox güclü arqumentlərdən ibarətdir. Azərbaycan Ermənistan kimi ancaq hədə və ibarələrlə kiməsə təsir göstərməyə cəhd etmir, sözünü konkret deməklə bütün qüdrətini və imkanlarını ortaya qoyur. Bakı bununla da açıq şəkildə sülh variantına alternativlərdən istifadə hüququnun yalnız onun əlində olduğunu bildirir. Prezidentin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin hələ də qüvvədə olmasını dilə gətirməsi o deməkdir ki, əgər Ermənistan xoşluqla yola gəlməsə, Azərbaycan öz gücü ilə onları konsensusa gətirməli olacaq. Bu baxımdan da Cənubi Qafqazdakı mövcud siyasi və hərbi vəziyyət Azərbaycanı qətiyyən qane etmir. Ona görə də Bakı xəbərdarlıq edərək bütün gücünü və imkanlarını diqqətə çatdırır".
Politoloq Ermənistanın reallıqları düzgün anlaya bilmədiyini qeyd edib:
"Əgər Ermənistanın siyasi rəhbərliyi bu ilin sonuna qədər əsas məsələnin ətrafında düzgün qərar qəbul edə bilməsə, onda Azərbaycan öz imkanlarını işə salacaq. Təbii ki, bu da İrəvanın xeyrinə olmayacaq. Çünki biz bunun nümunəsini 2016-cı ilin aprelində görmüşük. Dördgünlük müharibədən sonra Ermənistan uzun müddət özünə gələ bilmədi və bu, təsadüfi deyildi. Bu ssenari yenidən təkrarlansa, Ermənistanın nəinki itkiləri böyük olacaq, vaxtında konsensusa gəlmədiyi üçün böyük peşmançılıq yaşayacaq".
Yeri gəlmişkən, erməni politoloqlar Azərbaycanın hərbi paradda nümayiş etdirdiyi silahları təlaşla izlədilər və xüsusilə ABŞ istehsalı olan Bell 412 helikopteroləri İrəvanda böyük qorxu yaratdı.
Erməni politoloqlar bunu Rusiya ilə yanaşı ABŞ-ın da Azərbaycana silah satması kimi dəyərləndiriblər.
"Azərbaycan ABŞ-ın yeni silahlarını alır - bu, Qarabağ münaqişəsi tarixində görünməmiş hadisədir", - deyə politoloq Vardan Voskanyan bildirib.
Erməniləri qorxudan ikinci məsələ isə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycanın Qarabağ məsəəlsində konstruktiv mövqe tutması barədə verdiyi açıqlamadır. Erməni politoloq Stepan Safaryan bunu Azərbaycanın başlaya biləcəyi potensial müharibəyə dəstək kimi dəyərləndirib. "1in.am"a müsahibəsində o, bildirib ki, Ermənistan bütün beynəlxalq qüvvələri işə salaraq müharibədən qaçmalıdır.
Portala müsahibə verən politoloq Ara Papyan isə Azərbaycanın ABŞ-dan helikopter almasına Rusiyanın reaksiya verməməsinə toxunub: "Bu göstərir ki, Qarabağ münaqişəsi dünya ictimaiyyətinin dəqqət mərkəzində deyil, Azərbaycan yəqin ki, bundan istifadə etməyə çalışır".
Əslində, Ara Papyan dünya ictimaiyyəti dedikdə Ermənistanın metropoliyası Rusiyanı nəzərdə tutur. Onun fikrincə, Rusiya Azərbaycanı tutub saxlamalı və öz ərazilərini işğaldan qurtarmağa imkan verməməlidir.
Təbii ki, Ermənistan ekspertlərini qorxudan yalnız Amerika helikopterləri deyil, həm də hərbi paradda nümayiş etdirilən digər silahlar olub. Bu silahların içində Rusiya, İsrail və Türkiyə silahları da yer almışdı. Silahları görən sadə insanlar, təbii ki, daha çox təşvişə düşürdülər və sonu görünməyən müharibə duyğusu həm miqrasiyanı gücləndirir, həm də diaspor təmsilçilərini Ermənistana maliyyə yatırmaqdan çəkindirir.
Buna görə də erməni politoloqlar və KİV-lər əhalinin qorxusunu azaltmağa çalışırlar. Məsələn, politoloq Suren Sarkisyan "Facebook"da iddia edir ki, ABŞ-a (kimə? – red.) müraciət edib və məlum olub ki, Azərbaycan həmin helikopterləri mülki məqsəd üçün alıb, sonra hərbiləşdirib. Suren Sarkisyan sadə ermənini inandırmağa çalışır ki, bəs, ABŞ-dakı xristian qardaşları onları unutmazlar və müsəlman Azərbaycana silah satmazlar.
Rusiyanın "Sputnik" radiosunun İrəvanda fəaliyyət göstərən "Sputnik Armeniya" portalı isə daha irəli gedərək işğal olunmuş Azərbaycan şəhərlərinə - Şuşaya və Xankəndiyə xüsusi müxbir yollayıb. Həmin müxbir isə bir gecə Şuşada qaldığını və əhalinin heç bir qorxu hiss etmədiyini bildirib. Amma məqalədən belə çıxır ki, Şuşada o, oteldə gecə növbətçisi işləyən və İrəvan ermənisi üçün anlaşılmaz Qarabağ ləhcəsində danışan qızdan başqa heç kimi görməyib. O, adamlarla yalnız Xankəndidə ünsiyyət qura bilib. Çayxanada saatlarla oturub heç bir iş görmədən kədərli gözlərlə bir-birinə baxan Xənkəndi erməniləri də İrəvandan gələn müxbirə yadelli qonaq kimi baxırmışlar. Müəllif məqaləsini qəribə nəticə ilə bitirir: Burda bilirlər ki, barıt çəlləyinin üstündə yaşayırlar. Yəni onların Bakıdakı paraddan gördükləri silahlar istənilən vaxt həmin çəlləyi partlada bilər.