“Qapımız bütün azərbaycanlılara açıqdır” Siyasət

“Qapımız bütün azərbaycanlılara açıqdır”

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə bağlı tədbirlər keçirilib.
Əvvəlcə komitənin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Sonra komitədə xaricdəki Azərbaycan diaspor rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir başlayıb.
Komitə sədri Fuad Muradov çıxış edərək diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib: "Bu gün burada diaspor nümayəndələrini görmək sevindiricidir. 16 il əvvəl dünyadakı azərbaycanlıların həmişə səsinə səs verən ulu öndər Heydər Əliyev tərəfindən bu komitənin yaradılması dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub. İki ay yarım əvvəl cənab prezidentin müvafiq sərəncamı ilə komitənin rəhbəri dəyişdi və bu müddət ərzində fəaliyyətimizdə bir sıra islahatlar apardıq. Çalışdıq, hər kəsi nəzərə alaq. Əgər kimsə diqqətdən kənarda qalıbsa, xahiş edirik ki, yeni istiqamətin formalaşmasını nəzərə alıb, gələcəkdə məsləhətlərini bizdən əsirgəməsinlər".
Fuad Muradov iki ay yarım ərzində görülən işlərin, səfərlərin və xaricdəki azərbaycanlılarla görüşlərin hesabatını verib. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib: "Bizim əsas məqsədimiz odur ki, dünyadakı bütün azərbaycanlıları birləşdirək. İndi kimsə fikirləşə bilər ki, gənc komitə sədridir, danışır, hər təzə gələn belə danışır və sair... Amma belə deyil. Komitəmizin fəaliyyətində olan yenilik bunu sübut edəcək. Bizim qapımız bütün azərbaycanlılara açıqdır. Diaspor rəhbərlərimiz çox uğurlu fəaliyyət göstərirlər və cənab prezidentimiz də bunu daim qiymətləndirir".
Fuad Muradov erməni lobbisi və onu dəstəkləyən qruplara da xəbərdarlıq edib: "Onlar artıq bilməlidirlər ki, yaxın zamanlarda onlara çox böyük zərbələr endiriləcək".
Komitə sədri bildirib ki, artıq bütün istiqamətlərdə Azərbaycan diasporunun birləşmə prosesi gedir. "Erməni diasporu hazır olsun. Onlar bu illər ərzində öz çirkin fəaliyyətlərinin qarşısının alınmasını görəcəklər. Biz onların təxribatlarını bilirik. Bir daha diaspor təşkilatlarına səslənirəm ki, onlar birləşsinlər və bu istiqamətdə fəaliyyətlərində Diasporla iş üzrə Dövlət Komitəsi onların yanında olacaq".
Azərbaycanın ərazi bütövlüyü məsələsinin vacib olduğunu vurğulayan Fuad Muradov erməni diasporuna xəbərdarlıq edib, bildirib ki, onlar öz çirkin əməllərindən vaz keçsinlər.
Sonra dövlət başçısının müvafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunan diaspor nümayəndələrinə medalları təqdim olunub. Komitənin yeni loqosunun, yenilənmiş saytının, ilk dəfə yaradılan diaspor xəritəsinin təqdimatı keçirilib. Diaspor xəritəsinə daxil olaraq dünyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat öyrənmək mümkün olacaq. Diasporla İş üzrə Dövlət Komitəsi Komitəsinin himni də hazırlanıb.
Sonda bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videorolik hazırlanır. Tədbir zamanı onların bir neçəsi nümayiş olunub.