“Azərbaycan Fransa üçün mühüm əhəmiyyət kəsb edir“ Siyasət

“Azərbaycan Fransa üçün mühüm əhəmiyyət kəsb edir“

"Azərbaycan əvəzolunmaz müttəfiq kimi Fransa üçün mühüm əhəmiyyət kəsb edir".
Bunu Trend-ə Qlobal siyasət və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərinin yekunlarını şərh edərkən deyib.
Ekspert bildirib: "Fransa hökuməti və şirkətləri üçün Azərbaycan kimi müxtəlif sahələrdə, xüsusilə iqtisadi əməkdaşlıq və mədəni diplomatiya sahələrində əvəzolunmaz müttəfiq və ticarət tərəfdaşına malik olmaq strateji baxımdan vacibdir".
Piter Teys əlavə edib ki, Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında iqtisadi, ticari, siyasi və mədəni əməkdaşlığı daha da möhkəmləndirdi.
Ekspert qeyd edib: "Səfəri çərçivəsində Azərbaycan Prezidenti "Airbus" şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delone ilə görüşdü. "Airbus" və "Azərkosmos" arasında daha sıx əməkdaşlıq hər iki tərəfə faydalı olacaq. Azərbaycanın nüfuzu xaricdə həmçinin qısa müddət ərzində Azərbaycan Prezidentinin rəhbərliyi altında reallaşan "Azersky" layihəsinin sayəsində artmışdır. "Azersky" peykləri beynəlxalq səviyyədə çox uğurla fəaliyyət göstərir".
Onun sözlərinə görə, "Airbus" şirkəti ilə ikitərəfli əməkdaşlığın möhkəmlənməsi Azərbaycana informasiya şəbəkələrinin kiberhücumlardan muhafizəsi ilə məşğul olan aparıcı ölkələrdən biri olmasına imkan verəcək.
Piter Teys əlavə edib ki, Fransa şirkətləri ilə iri ticarət müqavilələrinin bağlanması ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə və Azərbaycan xalqının rifahının yüksəldilməsinə gətirib çıxaracaq.
Ekspert Azərbaycanın Fransanın əsas iqtisadi tərəfdaşı olmaqla yanaşı, iki ölkə arasında elm, ticarət, mədəniyyət sahələrində də ikitərəfli əməkdaşlığın yüksək səviyyəyə çatdığını vurğulayıb.
O xüsusi olaraq qeyd edib ki, Azərbaycanın Parisdəki Səfirliyi Azərbaycan-Fransa əməkdaşlığı və dialoqunun möhkəmləndirilməsi istiqamətində böyük işlər aparıb.
Piter Teys həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlyi altında Heydər Əliyev Fondunun iki ölkə xalqlarının birləşməsi istiqamətində böyük işlər gördüyünü xüsusi vurğulayıb: "Heydər Əliyev Fondu təhsil, mədəniyyət sahələrində, dini abidələrin və təsviri sənət qalereyalarının bərpası işində çox iri layihələri maliyyələşdirmişdir. Fondun əməyi bütün dünyada tərəqqinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlıq bu gün ən yüksək səviyyədədir. Bu, eləcə də iri humanitar layihələrin həyata keçirilməsi, mədəni əlaqələrin qurulması və Bakıda təhsil müəssisələrinin yaradılması ilə şərtlənir".