“Ermənistan tərəfi vaxt istəyib” Siyasət

“Ermənistan tərəfi vaxt istəyib”

"Azərbaycan FETÖ ilə bağlı bizə ən güclü dəstəyi verən ölkələrin başında gəlir".
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Mövlud Çavuşoğlu bildirib ki, FETÖ bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb: "FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik. Azərbaycan da bu məktəbləri bizim "Maarif" Vəqfinə verə bilər"

"AŞPA hörmətini itirməyə başlayıb"

Türkiyənin xarici işlər naziri Azərbaycanlı həmkarı ilə Avropa Şurası Parlament Assambleyasında baş verənləri və bununla bağlı atılacaq addımları da müzakirə etdiyini bildirib.
Çavuşoğlu deyib ki, görüşə Səməd Seyidov da qatılıb: "AŞPA təsirini və hörmətini itirməyə başlayıb. Bu təşkilatlar bizim üçün də, Avropa üçün də önəmlidir. Bu məsələlərdə Azərbaycanla birgə işləməyə davam edəcəyik".

"İrana qarşı sanksiyaların əleyhinəyik"

Çavuşoğlu Türkiyənin İrana qarşı sanksiyaların əleyhinə olduğunu bildirib: "Vaxtilə Avropa İttifaqı Rusiyaya qarşı da sanksiya tətbiq edib, amma buna qoşulmadıq. Bunları doğru hesab etmirik.
"ABŞ Fətullahı bizə verdiyi zaman Türkiyə bu fikrindən əl çəkəcək" kimi söhbət ola bilməz. Onlar Fətullah Güləni bizə verməlidir, biz müttəfiqik və bunu başqa şərtlə bağlamaq olmaz. İranın küncə sıxışdırılmasını və ABŞ-ın İranla bağlı nüvə sazişindən çıxmasını da doğru hesab etmirik. Bu yaxınlarda ABŞ-dan Türkiyəyə bir heyət gəldi. Onlara da dedik ki, biz nefti İrandan almasaq, o ehtiyacımızı haradan qarşılayacağıq? İranla fərqli baxışlarımız ola bilər, amma sanksiyaları düzgün hesab etmirik".

"Yıldırım və Akar Azərbaycana gələcək"

Mövlud Çavuşoğlunun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərləri planlaşdırilır: "Biz qardaşıq. Gözəl ənənələrimiz var. Bunlardan biri də odur ki, hər iki ölkədə keçirilən seçkilərdən sonra ilk ziyarətlər Azərbaycana, Türkiyəyə edilir".
Mövlud Çavuşoğlu görüşdə mühüm regional layihələri, bölgədə təhlükəsizlik və sabitliyi müzakirə etdiklərini bildirib: "Bakı-Tiflis-Qars strateji layihədir. İndi hamı bu layihəyə qoşulmaq istəyir. Yaxın gələcəkdə TAP layihəsi vasitəsilə Azərbaycan qazı Avropa ölkələrinə nəql olunacaq. Hər ötən gün qardaşlığımızı və beynəlxalq əməkdaşlığımızı gücləndirəcəyik".

"Bizim mövqeyimiz bəllidir"

Türkiyənin xarici işlər naziri NATO sammiti zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdüyünü xatırladıb. Çavuşoğlu Mnatsakanyanı Avropa Şurasında Ermənistan təmsilçisi kimi tanıdığını da bildirib: "Onu xarici işlər naziri təyin olunması münasibətilə təbrik etdim".
Mövlud Çavuşoğlu bildirib ki, Zöhrab Mnatsakanyanın yanında baş nazir Nikol Paşinyan da olub: "Mən onu da Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik etdim. Bu təbriklər bizim Azərbaycan, Qarabağla bağlı siyasətimizin dəyişməsi anlamına gəlmir. Bizim mövqeyimiz bəllidir: Azərbaycanın qəbul etdiyi istənilən qərarı dəstəkləyirik"

"Razılığa gəlmişik ki..."

Brifinqdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindən söz açan Elmar Məmmədyarov xarici işlər nazirlərinin növbəti görüşünün planlaşdırıldığını deyib: "Vaxt lazımdır ki, həmsədrlər hər şeyi dərindən öyrənsin. Amma artıq razılığa gəlmişik ki, sentyabrda növbəti görüş olsun. "Təklif var idi ki, BMT Baş Assambleyasının iclası çərçivəsində ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli - baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi vaxt istəyib".

"Dərin və faydalı əməkdaşlıq edirik"

Elmar Məmmədyarov Azərbaycan və Türkiyənin bir çox məsələlərdə dərin və faydalı əməkdaşlıq etdiyini deyib: "Biz bir çox məsələləri müzakirə etdik. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə toxunduq ki, bu layihə üzrə işlərimizi davam etdirib daha da genişləndirək. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyaya ən qısa yoldur. Məsələn, Əfqanıstana yük daşıma məsələsində mühüm rolu olacaq. Ümidvarıq ki, bu il bu yoldan istifadə ediləcək".