Amerikalı ekspert TAP layihəsindən danışıb Siyasət

Amerikalı ekspert  TAP layihəsindən danışıb

"Vaşinqtonda TAP layihəsi üzrə keçirilmiş danışıqlar Trampın Bakıya xüsusi diqqətini nümayiş etdirir"

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və İtaliyanın baş naziri Cuzeppe Konte arasında Transadriatik boru kəməri (TAP) layihəsi üzrə keçirilmiş danışıqlar D.Trampın rəsmi Bakıya xüsusi diqqətini nümayiş etdirir.
Bunu qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.
O bildirib ki, TAP layihəsinə hər zaman ABŞ Energetika Nazirliyi və Dövlət Departamenti tərəfindən yüksək diqqət göstərilib.
P.Teys qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti ekosistemin qorunması sahəsində unikal liderlik nümayiş etdirib, enerji sektorunda irimiqyaslı layihələr icra edib:
"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən təşəbbüs göstərilən və maliyyələşdirilən bu iri regional enerji layihələri ərazisi Azərbaycandan böyük olan və torpaqları qonşu ölkələrin qoşunları tərəfindən işğala məruz qalmayan ölkələrdə paxıllıq və heyrət doğurub. Azərbaycan bütün dünyaya göstərdi ki, ərazilərinin 20 faizinin Ermənistan qoşunları tərəfindən işğal olunmasına baxmayaraq öncül texnologiyalara, siyasi iradə və inkişaf etmiş infrastruktura sahib ölkədir. Bütün bu amillər Cənub-Şərqi Avropa və onun hüdudlarından kənarda strateji maraq oyadan regional enerji layihələrinin reallaşdırılmasına xidmət edir".
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransında TAP-ın İtaliyanın enerji təchizatı üçün strateji layihə olduğunu deyib.