“Havadarlı və ya havadarsız olmasının bizə dəxli yoxdur” Siyasət

“Havadarlı və ya havadarsız olmasının bizə dəxli yoxdur”

Mübariz Əhmədoğlu: "Torpaqlarımızı azad edəcəyik"


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurduğu ordunun regionda birinci, dünyada isə 50-ci olduğunu qürurla bəyan etdi. Azərbaycan ordusunun gücünü Ermənistanın davranışı da təsdiq edir. Bu çox mühüm göstəricidir". 15 sentyabr paradı ilə bağlı fikirlərini bölüşən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu belə deyib: "Çünki Azərbaycan ordusunun qarşısında duran bir nömrəli vəzifə torpaqlarımızı işğaldan azad etməkdir, torpağımızı işğal edən isə Ermənistandır. Havadarlı və ya havadarsız olmasının bizə dəxli yoxdur, torpaqlarımızı azad edəcəyik. Amma 90-cı illərdəki rüsvayçı məğlubiyyətimiz indi də Azərbaycan ordusunun gücünə pessimist yanaşanların sayının azalmasına imkan vermir. Buna görə beynəlxalq aləm Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququnu tanısa da, müharibəni başlamağımıza müsbət yanaşmır. Azərbaycan ordusunun gücünə beynəlxalq aləmi inandırmaq hal-hazırda ölkə rəhbərliyinin ən ümdə məsələsi idi. Bunu parad vasitəsilə etmək Prezident İlham Əliyevin çox orijinal ideyalarından biridir. Çünki iyunun 26-da parad keçirilmişdi. Təxminən 2 ay ərzində yeni parad keçirilirsə, bunu heç bir şərt daxilində təsadüfi hesab etmək olmaz". Mərkəz rəhbəri hesab edir ki, paraddan əvvəl və az sonra baş verənlər bu rakursdan diqqəti çox çəkir: "Birincisi, İsrailin müdafiə naziri A.Liberman 5 günlük səfərlə Azərbaycanda oldu, çoxsaylı görüşlər keçirdi. Amma bu görüşlərə digər bir rakursdan yanaşmaq da daha düzgündür: Silah ticarətində İsrail Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük tərəfdaşıdır. A.Liberman ölkəsinin Azərbaycana satdığı silahların etibarlılığına yerindəcə təminat verdi. İkincisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paradda tam proqram üzrə iştirak etdi. Hətta demək olar ki, paradın təşkilində ən əsas faktor Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı idi. Rəcəb Tayyib Ərdoğan bütün dünya liderlərinə Azərbaycan ordusunun güclü olduğu fikrini aşılayacaqdır. Beləliklə beynəlxalq aləmdə Azərbaycan ordusunun gücünə inam artacaqdır. Paradın rəsmi tərtibatı Türkiyə qoşunlarının 100 il bundan qabaq Azərbaycandan ordusu ilə birlikdə Bakını, eləcə də Azərbaycanın qalan regionlarını bolşevik adı altında fəaliyyət göstərən erməni daşnaklarından və digər düşmən qüvvələrdən azad olunmasının 100 illiyinə həsr olunmuşdu. Möhtəşəm parad idi. Amma 100 illik yubileyi siyasi elementlərlə zəngin mərasimlə də qeyd etmək olardı. Üçüncüsü, Prezident İlham Əliyev Rusiya Federasiyasında prezident Vladimir Putinlə bütün münasibətlər sisteminə yeni stimul verən görüş keçirdi. Görüş zamanı Dağlıq Qarabağ məsələsi də müzakirə olundu. Rusiya prezidenti Vladimir Putin də bilir ki, Azərbaycan ordusu qısa müddət ərzində konkret məkanda uğurlu döyüş aparmaq qabiliyyətinə malikdir və bu müharibəyə digər kənar dövlətlər qarışa bilməyəcək. IV. Paradın sabahı günü Prezidentin oğlu Heydər Əliyevin andiçmə mərasimi keçirildi. Prezident ailə üzvləri ilə birlikdə andiçmə mərasimində iştirak etdilər. Hər iki valideynin övladlarının hərbi xidmətdə olmasından qürurlandığı aydın görünürdü. Babası Heydər Əliyev kimi nəvə Heydər Əliyev də dövlət və ya milli təhlükəsizlik strukturunda xidmət edir. Milli Təhlükəsizlik Xidmətinın bu hərbi bölməsi Azərbaycanın istənilən ərazilərində, o cümlədən işğal olunmuş ərazilərimizin və dövlət sərhədimizin istənilən ərazisində peyda ola bilər. Bunu ağıl və savada müharibə elan etmiş Ermənistanın baş naziri Nikol Paşinyanın anlaması çox vacibdir. Başa düşsün ki, Xankəndinə bayraq sancacaq Azərbaycan vətəndaşı artıq ordudadır. Azərbaycan ordusu Dağlıq Qarabağ probleminin birdəfəlik həllinin yeganə mənbəyinə çevrilib. Çünki Ermənistan tərəfi başqa varianta yer saxlamadı. Parad həm də bunun mesajı idi".