“Kitabi-Dədə Qorqud”dakı bir çox mühüm tarixi hadisələr İrəvan xanlığının ərazisində cərəyan edib Siyasət

“Kitabi-Dədə Qorqud”dakı bir çox mühüm tarixi hadisələr İrəvan xanlığının ərazisində cərəyan edib

Yaqub Mahmudov: "İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər"

Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini – 300-dən çox məscidi, çoxlu sayda minarələri, türbələri, ziyarət yerlərini və qəbiristanlıqları yerlə yeksan ediblər.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.
Onun sözlərinə görə, vandallar, ilk növbədə İrəvandakı qədim məscidləri məhv ediblər.
İnstitut direktoru onu da qeyd edib ki, "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr İrəvan xanlığının ərazisində cərəyan edib.
Xan sarayının 1578-ci ildə Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən tikildiyini xatırladan akademik əlavə edib ki, erməni vandalları İrəvan qalasındakı Xan sarayını (Sərdar sarayı) dağıdıb yerində konyak zavodu tikiblər:
"İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər".
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda broşürün erməni və fars dillərinə tərcümə olunmuş nəşrlərinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi AMEA-nın Tarix İnstitutu və "Azərbaycan Tarixçiləri" İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə reallaşıb.
"İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.
Bu kitabçalar Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması" layihəsi çərçivəsində ATİB tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, texniki redaktor isə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
Qeyd edək ki, İrəvan xanlığı ilə bağlı nəşrlər bundan əvvəl ingilis və rus dillərində də çap olunub. Hazırda isə bu broşürlər ispan və ərəb dillərində nəşrə hazırlanır.