“XİN başçılarının görüşündən heç nə gözləmirəm” Siyasət

“XİN başçılarının görüşündən heç nə gözləmirəm”

"Sentyabrın 26-da BMT sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən heç nə gözləmirəm. Çünki düşmən ölkədə baş nazir vəzifəsini icra edən, küçədən hakimiyyətə gələn Paşinyanın özünü ləyaqətsiz aparması, cəfəng fikirlər səsləndirməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət mənada nə isə gözləməyin mümkün olduğunu deməyə əsas verir". Bu fikirləri millət vəkili Elman Məmmədov deyib.
Ermənistana təsir etmək üçün bir vasitənin olduğunu deyən deputat bildirib ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmək variantından istifadə etməlidir: "Əgər yadınızdadırsa, 2008-ci ildə Osetiya Gürcüstan məsələsində işə qarışan Rusiya rəhbərliyi Gürcüstanı sülhə məcbur etmək variantından istifadə etdiklərini açıqladı. Artıq Azərbaycan da bu variantdan istifadə etmək məcburiyyətindədir. Hərbi gücdən istifadə edərək düşməni sülhə gəlməyə məcbur etməliyik. Düşmən vaxtaşırı Azərbaycanın hərbi gücünü görür. Ancaq bu kifayət deyil".
E.Məmmədov sözlərinə görə, düşmən ölkənin sülhə gəlməsi üçün daha güclü zərbələr alması vacibdir.
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə toxunan deputat qeyd edib ki, səfərin çox dəyərli olmaqla yanaşı, ondan gözləntilərimiz də çoxdur: "Ümumiyyətlə, Rusiya ilə üçtərəfli formatda keçirilən görüşlər, yaxınlaşmalar, əməkdaşlıqlar, eləcə də Azərbaycan prezidentinin ötən ay Soçiyə səfəri, imzalanan sənədlər, verilən bəyanatlar hər biri Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxın olduğumuzu görsədir. Azərbaycan addım-addım problemin həllinə yaxınlaşır. Tezliklə Azərbaycan ərazilərinin işğaldan təmizlənəcəyinin, ərazi bütövlüyünün təmin olunacağının şahidi olacağıq".