ABŞ-ın xarici siyasətində Azərbaycana xüsusi yer ayrılır Siyasət

ABŞ-ın xarici siyasətində Azərbaycana xüsusi yer ayrılır

"Azərbaycan Rusiya ilə münasibətlərinə yüksək dəyər verir və ABŞ-a görə onları qurban verməz".
Bunu "Report"a rusiyalı politoloq Yevgeni Mixaylov ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana qarşıdakı səfərini şərh edərək deyib.
Yevgeni Mixaylov amerikalı diplomatın səfərini Qərbin gərginliyə təkan verən siyasətinin bir parçası kimi dəyərləndirib: "Eyni zamanda Rusiya ilə Azərbaycan arasındakı münasibətlər getdikcə yaxşılaşır. Rusiya Dağlıq Qarabağ münaqişəsini yumşaldaraq həll etməyə çalışdığı halda, Qərbdən gələn açıqlamalar tərəfləri toqquşmalara təhrik edir".
Rusiyalı politoloqun fikrincə, daha çox tanışlıq məqsədilə səfərə gələn Con Bolton Rusiyanın Azərbaycanla münasibətlərinə ciddi yanaşdığını görüb tərəflərə vədlər verməyə çalışacaq: "Eyni zamanda Ermənistanın qərbyönümlü oyun oynaması ABŞ-ın idarə olunan xaos doktrinasını işə saldığını göstərir".
Eyni zamanda Ermənistanın qərbyönümlü oyun oynaması ABŞ-ın idarə olunan xaos doktrinasını işə saldığını göstərir.
Politoloq İlqar Vəlizadə isə Con Boltonun Cənubi Qafqaza və Rusiyaya qarşıdakı səfərini şərh edərəkən bildirdi ki, burada söhbət Cənubi Qafqaz ölkələrinin Yaxın Şərqdəki münaqişələrə, habelə Türkiyə ilə İrana olan münasibətlərindən gedir: "Məncə, bu səfər daha çox tanışlıq mahiyyəti daşımalıdır, yəni Bolton aydın təsəvvürü yaransın deyə buradakı ab-havanı, buradakı prosesləri bilməlidir. Con Bolton ABŞ siyasi dairələrində strateq qismində qəbul olunur, ölkənin siyasi kursunu vəzifə borcu kimi yox, fəaliyyət istiqaməti olaraq təyin edir. Yəni Prezidentin müşaviri Azərbaycanın mühüm geosiyasi əhəmiyyətini vurğulayırsa, deməli, ABŞ-ın xarici siyasətində Azərbaycana xüsusi yer ayrılır".
"Məsələ təkcə Azərbaycanın geniş karbohidrogen ehtiyatlarında yox, Azərbaycanın geostrateji mövqeyindədir. Azərbaycan həm iki regional güc mərkəzi olan İranla Rusiyanı, həm də bu gün ABŞ-ın xüsusi diqqət yetirdiyi zəngin ehtiyatlara malik Orta Asiya ilə Qara dəniz hövzəsi və Avropa İttifaqı ölkələrini əlaqələndirir", - İlqar Vəlizadə vurğulayıb.
Bununla yanaşı, Azərbaycanın Əfqanıstana tranzit ölkə kimi də ABŞ üçün əhəmiyyətli ola biləcəyini qeyd edən İlqar Vəlizadə amerikalı diplomatın Bakıda Xəzər məsələsinə, o cümlədən Xəzərin statusuna dair bu yaxınlarda imzalanan konvensiyaya toxuna biləcəyini diqqətə çatdırıb: "Məncə, ABŞ-ın regiondakı mənafelərinin təmin olunub-olunmaması, xüsusilə də ABŞ-ın dövlət və özəl şirkətlər səviyyəsində ciddi maraq göstərdiyi enerji layihələrə dair müzakirələr aparılacaq".
Politoloqun fikrincə, Bakıdakı danışıqlar zamanı, şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olacaq: "ABŞ bu münaqişənin qızışmamasında maraqlıdır. Bu dəfə hansısa konkret təkliflər irəli sürüləcəyinə inanmıram. Siyasi vəziyyətin dəyişməsi və müharibənin davam etdirilməsi ABŞ-ın mənafelərini təhlükə altına salır. Burada həyata keçirilən enerji layihələri nəzərə alınsa, müharibə variantı onların maraqlarına cavab vermir".